Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib
Berlin, 13 oktyabr, AZƏRTAC
Almaniyanın Nürnberq şəhərinin Albrext Dürer hava limanında aviasiya fövqəladə vəziyyəti ehtimalı ilə əlaqədar uçuşlar müvəqqəti dayandırılıb.
AZƏRTAC xəbər verir ki, polisin məlumatına əsasən, gecə saat 02:00-04:00 arasında üç pilot hava limanında uçuş və ya eniş zamanı dron ola biləcəyi ehtimal edilən naməlum obyekt gördüklərini bildirib. Polis helikopterinin də cəlb olunduğu axtarışlar nəticə verməyib.
Hadisə ilə əlaqədar dərhal hava limanının ərazisi mühasirəyə alınıb, fövqəladə vəziyyət siqnalı verilib. Vəziyyətlə əlaqədar “Eurofighter” qırıcıları Korfu adasından gələn sərnişin təyyarəsini enişdən əvvəl müşayiət edib. “Corendon Airlines” aviaşirkətinə məxsus təyyarə təhlükəsiz eniş edib. Qırıcılar isə müşayiəti başa vuraraq ərazidən uzaqlaşıb. Hava limanı müvəqqəti bağlanıb və digər reyslər ətraf şəhərlərdəki aeroportlara yönləndirilib.
Vəziyyətlə əlaqədar araşdırma aparılır.