Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar
Beyləqan, 13 oktyabr, AZƏRTAC
Beyləqan rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri məhsul yığımını davam etdirirlər. Qısa müddətdə tarlalardan 3600 tondan artıq “ağ qızıl” toplanıb.
Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il Beyləqan rayonunda 4490,97 hektarı “Prime Cotton” MMC, 2475 hektarı “Azərpambıq” MMC, 450 hektarı “P-Aqro” MMC, 639 hektarı “Prime Cotton İFT” MMC və 330,5 hektarı “Kürdəmir Pambıq ” MMC ilə müqavilə əsasında olmaqla 8385,47 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib ki, nəticədə tarlalarında bol məhsul yetişib.
Pambıq tarlalarının 5178 hektarında defolyasiya işləri həyata keçirilib, 942,55 hektarda yığım aparılıb. Rayonda pambığın itkisiz yığılması, istehsalı və emalının yüksək səviyyədə həyata keçirilməsi üçün bütün lazımi tədbirlər görülür.