Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır
Bakı, 13 oktyabr, AZƏRTAC
Məktəb yalnız bilik və bacarıqların aşılandığı təhsil müəssisəsi deyil, həm də şəxsiyyətin formalaşdığı, milli-mənəvi dəyərlərin mənimsənildiyi, sosial məsuliyyət hissinin və davranış mədəniyyətinin inkişaf etdiyi mühüm tərbiyə mühitidir. Bu baxımdan təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin yaradılması, şagirdlər arasında sosial bərabərliyin qorunması, qarşılıqlı hörmət və nizam-intizamın möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Leyla Kamran qızı Məmmədova bildirib.
Alim qeyd edib ki, vahid məktəbli formasının tətbiqi şagirdlər arasında bərabərlik prinsipinin qorunmasına, sosial fərqlərin zahiri görünüşdə ön plana çıxmasının qarşısının alınmasına və təhsil mühitində vahidlik hissinin gücləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, məktəbli forması yalnız geyim qaydası deyil, həm də məktəbdə nizam-intizamın, məsuliyyətin və təhsil müəssisəsinə mənsubiyyət hissinin formalaşmasına töhfə verən amillərdən biridir.
Leyla Məmmədova vurğulayıb ki, məktəb illərində uşaqlarda formalaşan davranış vərdişləri, dünyagörüşü və dəyərlər sistemi onların gələcək həyatına əhəmiyyətli təsir göstərir. Buna görə də təhsil müəssisələrində müəyyən olunmuş qaydalara əməl edilməsi, şagirdlərə məsuliyyətli davranışın aşılanması və onların sağlam mühitdə yetişməsi vacibdir. O bildirib ki, vahid məktəbli geyimi müxtəlif sosial təbəqələrdən olan uşaqların eyni təhsil mühitində bərabərhüquqlu iştirakını simvolizə edir. Bu yanaşma şagirdlərin diqqətini geyim və maddi imkanlar arasındakı fərqlərdən daha çox təhsilə, şəxsi inkişafa və bilik qazanmağa yönəltməyə kömək edə bilər.
Alimin fikrincə, məktəbdə qayda-qanunun qorunması ilə yanaşı, uşaqlara bu qaydaların mahiyyətini izah etmək də vacibdir. Şagirdlər məktəbli formasının, davranış normalarının və daxili intizam tələblərinin məqsədini dərk etdikdə onların qaydalara münasibəti də daha şüurlu xarakter alır. Bu prosesdə müəllimlərlə yanaşı, valideynlərin də üzərinə mühüm məsuliyyət düşür. Onun sözlərinə görə, ailə və məktəb arasında əməkdaşlıq uşaqların şəxsiyyət kimi formalaşmasının, milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişməsinin və müasir dünyanın çağırışlarına hazırlıqlı olmasının əsas şərtlərindəndir. Alim diqqətə çatdırıb ki, milli-mənəvi dəyərlərin qorunması ilə müasir və dünyəvi təhsilin inkişafı bir-birini tamamlayan istiqamətlərdir. Dünyəvi təhsil elmi biliklərə, rasional düşüncəyə, tənqidi təfəkkürə və ümumbəşəri dəyərlərə əsaslanaraq gənc nəslin müstəqil düşünən, savadlı və məsuliyyətli vətəndaş kimi yetişməsinə imkan yaradır. O əlavə edib ki, qloballaşan dünyada uşaqların müxtəlif informasiya mənbələri ilə qarşılaşdığı bir şəraitdə onların məlumatları düzgün qiymətləndirmək, faktları təhlil etmək, doğru ilə yanlışı fərqləndirmək bacarıqlarının inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu bacarıqların formalaşması isə, ilk növbədə, ailədə və məktəbdə qoyulan təməldən asılıdır.
“Məktəb cəmiyyətin gələcəyini müəyyənləşdirən əsas institutlardan biridir. Burada verilən təhsil, aşılanan dəyərlər və formalaşdırılan dünyagörüşü gələcək nəslin intellektual səviyyəsinə, vətəndaş mövqeyinə və cəmiyyətin inkişafına birbaşa təsir göstərir. Unutmayaq ki, təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlanır”, – deyə alim fikirlərini yekunlaşdırıb.
Müxbir – Tünzalə Arazlı