YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr - Botanika İnstitutunda geniş iclas
Bakı, 13 oktyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında qarşıya qoyulan vəzifələrin və ölkə rəhbərinin proqram xarakterli çıxışının müzakirəsinə həsr olunmuş geniş iclas keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə Botanika İnstitutunun ərazi partiya təşkilatının sədri, professor Səyyarə İbadullayeva, sədr müavini Şəhla Mirzəyeva və partiya üzvləri iştirak ediblər.
İclasda Botanika İnstitutunun direktoru vəzifəsini icra edən professor Səyyarə İbadullayeva Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı tarixi çıxışının əsas müddəalarını və ideoloji tezislərini diqqətə çatdırıb. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən bu Qurultayın ölkənin siyasi və ictimai həyatında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. Professor qeyd edib ki, dövlət başçısının da xüsusi diqqət yetirdiyi milli maraqların qorunması, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi, informasiya məkanının yad təsirlərdən mühafizəsi və cəmiyyətin doğru məlumatlandırılması müasir dövrdə hər bir ziyalının qarşısında duran xüsusi vəzifədir. Cəmiyyətin inkişafında, milli şüurun və dövlətçilik düşüncəsinin formalaşmasında elm və təhsilin rolundan danışan professor gənclərin yad ideoloji təsirlərdən uzaq, vətənpərvərlik ruhunda yetişdirilməsinin ölkənin gələcək təhlükəsizliyi və inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, elmi müəssisə əməkdaşlarının peşəkar fəaliyyəti ilə yanaşı, cəmiyyətin maarifləndirilməsinə, elmi düşüncənin təşviqinə və dövlətçilik ideyalarının təbliğinə də aktiv töhfə verməli olduqlarını diqqətə çatdırıb.
İclasda YAP-ın VIII Qurultayında müəyyənləşdirilmiş yeni prioritetlərin və ideoloji təhlükəsizlik xəttinin real həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəallığının artırılması, eləcə də partiya üzvlərinin fərdi məsuliyyəti məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda partiyanın sıralarının genişlənməsi fonunda institutun əməkdaşları Aygül Musayeva, Günel Ramazanova və Bəxtiyar Səlimov Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün ərizələrini təşkilat rəhbərliyinə təqdim ediblər.