Vüsal Xəlilov: Ani Ödənişlər Sisteminin genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycanda fintex sektorunun inkişafı, yeni məhsul və xidmətlərin yaradılması, eləcə də ani ödənişlər sisteminin imkanlarının genişləndirilməsi istiqamətində bir sıra addımlar atılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Bankın sədrinin müavini Vüsal Xəlilov jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, ənənəvi olaraq ödəniş sistemləri və ödəniş məhsulları əsas prioritet olsa da, son dövrlərdə digər maliyyə məhsullarının yaradılmasına da diqqət artırılıb. Mərkəzi Bank tərəfindən qanunvericiliyə edilən dəyişikliklər də ödənişlərdən əlavə, digər məhsul və xidmətlərin inkişafını təşviq edir. Bu istiqamətdə həm banklar, həm də fintex şirkətləri vasitəsilə vətəndaşlara yeni xidmətlərin təqdim edilməsi nəzərdə tutulur. Sektorun genişləndirilməsi məqsədilə fintex sektoru, xüsusilə AzFina və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə qanunvericilik bazasına dəyişiklik layihələri hazırlanıb. İlkin layihələrə təkliflər nəzərə alınmaqla daxili səviyyədə müsbət rəy verilib. Nəzərdə tutulan dəyişikliklər fintex şirkətlərinin yeni məhsul və xidmətlər yaratmasına, eləcə də həmin xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə imkan verəcək.
Vüsal Xəlilov Azərbaycan və Türkiyə arasında nağdsız ödənişlərin inkişafı məsələsinə də toxunub. O qeyd edib ki, iki ölkənin mərkəzi bankları arasında geniş dialoq mövcuddur və hazırda ani ödənişlər sistemlərinin inteqrasiyası ilə bağlı məsələlər müzakirə edilir.