Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb VİDEO
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan və Türkiyə arasında möhkəm tərəfdaşlıq maliyyə sektorunda da əməkdaşlığın genişlənməsi üçün əlverişli imkanlar yaradır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Bakıda keçirilən “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı” adlı tədbirdə deyib.
“Bu gün bankların, fintex şirkətlərinin və tənzimləyici qurumların bir araya gəlməsi həmin imkanların konkret biznes əlaqələrinə çevrilməsinə xidmət edir. Azərbaycanda rəqəmsal ödənişlərin inkişafı bank sektorunun əsas prioritetlərindəndir. Mərkəzi Bankın məlumatına görə, cari ilin ilk yarısında ölkə daxilində ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,5 faiz artaraq 53,1 milyard manata çatıb. Nağdsız ödənişlərin payı isə 67 faizdən 70 faizə yüksəlib. Bu nəticə müştərilərin gündəlik həyatında rəqəmsal xidmətlərin artan rolunu və bazarın inkişaf imkanlarını göstərir”, - deyə o qeyd edib.
Zakir Nuriyev bildirib: “Artıq kəmiyyət böyüməsi ilə yanaşı nağdsız ödənişlərin keyfiyyətin yüksəldilməsi prosesinə də ABA və AzFina olaraq birgə bəyanatlarla keçid etməyə başlamışıq. Qarşıdakı mərhələdə Ani Ödənişlər Sistemindən və AZQR həllərindən istifadənin genişləndirilməsi, açıq bankçılığın inkişafı xüsusi əhəmiyyət daşıyır. Bankların infrastrukturu və müştəri bazası ilə fintex şirkətlərinin texnoloji imkanlarının birləşməsi yeni xidmətlərin daha geniş auditoriyaya çatdırılmasına kömək edə bilər. Əsas gözləntimiz bu əməkdaşlığın vətəndaş üçün rahat xidmətə, sahibkar üçün isə daha sərfəli ödəniş qəbuluna çevrilməsidir. Azərbaycan Banklar Assosiasiyası olaraq sektorun bu istiqamətdə birgə fəaliyyətinə önəm veririk".