ÜST epidemioloji təhlükələrin vaxtında aşkarlanmasını hədəfləyən yeni strategiya elan edib
Bakı, 13 oktyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2030-cu ilədək dünyanın bütün ölkələrinin epidemioloji təhlükələri aşkar etməsini və onların xarakterini 24 saat ərzində müəyyənləşdirməsini hədəfləyən yeni strategiya elan edib.
AZƏRTAC xəbər verir ki, yeni strategiyanın əsas məqsədi qlobal səhiyyə təhlükəsizliyini gücləndirmək, yoluxucu xəstəliklərin yayılmasının qarşısını vaxtında almaq və lokal xəstəliklərin genişmiqyaslı epidemiyalara, eləcə də pandemiyalara çevrilməsi riskini azaltmaqdır.
Təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus Berlində Ümumdünya Səhiyyə Sammitinin açılışında bildirib ki, 2021-ci ildə təsis edilmiş Epidemiya Məlumat Mərkəzi yoluxucu xəstəliklərin erkən müəyyənləşdirilməsi imkanlarını gücləndirmək üçün 160 dövlət və 190 tərəfdaş təşkilatla əməkdaşlıq edib.
Strategiyada 5 başlıca təşəbbüs öz əksini tapıb. Bunlara səhiyyə təhlükəsizliyinə qarşı təhdidləri vaxtında üzə çıxarmaq üçün süni zəkanın tətbiqi, yoluxucu xəstəliktörədicilərinin genetik nəzarətinin gücləndirilməsi, aşkarlama sistemlərinin və məlumat mübadiləsinin inkişafı, elmi təcrübələrin toplanması yolu ilə çevik cavab imkanlarının sürətləndirilməsi daxildir.
Eyni zamanda, təşkilat dövlətlərin səhiyyəyə təhdidlərin vaxtında qarşısının alınmasında imkanlarının artırılmasında davamlı investisiyaların əhəmiyyətini vurğulayıb.