Kiprin iki icmasının liderləri BMT Baş katibinin təşəbbüslərini müzakirə edəcəklər
Ankara, 13 oktyabr, AZƏRTAC
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman adanın yunan hissəsinin lideri Nikos Xristodulides ilə görüşəcək.
AZƏRTAC xəbər verir ki, görüş BMT sülhməramlılarının nəzarətində olan bufer zonasında keçiriləcək.
Görüşün məqsədi BMT-nin Baş katibi Antonio Quterreşin iyul ayında adaya səfəri zamanı elan etdiyi yeddi təşəbbüs işığında etimad quruculuğu tədbirləri barədə fikir mübadiləsi aparmaqdır.
ŞKTC lideri əvvəllər Lefkoşanın BMT Baş katibinin yeddi təşəbbüsündən altısını dəstəklədiyini bildirmişdi. “Biz dialoq naminə danışıqlara deyil, məhsuldar görüşlərə diqqət yetiririk”, - deyə Erhürman vurğulayıb.
Quterreşin Kiprlə bağlı təşəbbüslərinə bufer zonasının minalardan təmizlənməsi, yeni nəzarət məntəqələrinin açılması, təbii fəlakətlərə və qanunsuz miqrasiyaya cavab vermək üçün ortaq mexanizmlərin hazırlanması daxildir. Ayrıca bir təşəbbüs QHT-lərlə işləmək üçün koordinasiya strukturunun yaradılması ilə bağlıdır.
Bundan əlavə, birgə idman tədbirlərinin təşkili və qarışıq nikahlardan doğulan uşaqların Aİ vətəndaşlığı hüququnun tanınması ideyası da irəli sürülüb.