Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru Ərşad Quliyevin “Heyvan biotexnologiyası” adlı dərs vəsaiti çapdan çıxıb.
BMU-dan AZƏRTAC-a bildirilib ki, nəşrdə müasir biotexnologiyanın heyvandarlıqda tətbiqi, genetika və seleksiya metodları, eləcə də bu sahədəki elmi yeniliklər əhatə olunur.
Kitabda irsiyyətin molekulyar əsasları, genetik və hüceyrə mühəndisliyi, embrion transplantasiyası, transgen heyvanların alınması, klonlaşdırma və süni mayalanma kimi aktual mövzulara yer verilir. Bununla yanaşı, yem preparatlarının biotexnologiyası, üzvi tullantıların biokonversiyası və biotəhlükəsizlik məsələləri də nəzərdən keçirilir. Dərs vəsaiti tələbələrin müasir biotexnoloji və seleksiya-genetik metodlar haqqında nəzəri biliklərinin genişləndirilməsinə, bu metodların heyvandarlıqda tətbiqi imkanları barədə təsəvvürlərinin formalaşdırılmasına, eləcə də gələcək mütəxəssislərin elmi-praktik hazırlığının gücləndirilməsinə xidmət edir.
Nəşr biotexnologiya, qida mühəndisliyi və zoomühəndislik ixtisasları üzrə təhsil alan tələbələr, magistrantlar və tədqiqatçılar üçün faydalı elmi-metodik mənbə kimi nəzərdə tutulub.