Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?
Bakı, 13 oktyabr, AZƏRTAC
Müasir Azərbaycanda vicdan azadlığı, dini etiqad və dini qurumların fəaliyyəti hüquqi çərçivədə tənzimlənir. Azərbaycan Respublikasının Konstitusiyasında din və dövlət münasibətlərinin dünyəvilik prinsipi əsasında qurulması, dini etiqad azadlığı və qanun qarşısında bərabərlik kimi müddəalar təsbit olunub. Ölkənin Əsas Qanununa görə, Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir.
Bunu AZƏRTAC-a açıqlamasında Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev bildirib.Elnur Mustafayev qeyd edib ki, dünyəvi təhsil dini etiqadın inkarı demək olmadığı kimi, dini etiqad azadlığı da təhsilin dini qaydalar əsasında təşkil edilməsi anlamına gəlmir. Bu iki prinsip hüquqi çərçivə, qarşılıqlı hörmət və uşağın üstün mənafeyi əsasında uzlaşdırılmalıdır. Dünyəvilik dinə qarşı münasibət kimi deyil, dövlət təhsilinin müxtəlif inanclara münasibətdə qərəzsizliyi və elmi əsaslarla təşkili kimi başa düşülməlidir. Bu yanaşma təhsil müəssisələrinin bütün şagirdlərə bərabər münasibət göstərməsini, onların dünyagörüşünə hörmətlə yanaşmasını və tədris prosesinin elmi prinsiplər əsasında qurulmasını nəzərdə tutur. Təhsil müəssisəsi qərar qəbul edərkən uşağın təhlükəsizliyini, təhsil hüququnu, psixoloji rifahını və inkişaf etməkdə olan müstəqil düşüncəsini nəzərə almalıdır.
Ekspertin sözlərinə görə, Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid məktəbli geyim forması tətbiq olunur və bu qaydalara riayət edilməsi Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir. Bu məsələdə tarazlığın qorunması yalnız məktəb rəhbərliyinin üzərinə düşən vəzifə deyil. Ailə, məktəb və dövlət arasında sıx əməkdaşlıq olmalıdır. Dövlət və cəmiyyət olaraq dünyəvi təhsilin hüquqi təminatlarını yaratmalı, vicdan azadlığını qorumalı, təhsil müəssisələrində ayrı-seçkiliyə qarşı effektiv mexanizmlər formalaşdırmalı və müəllimlərin bu sahədə hazırlığını dəstəkləməliyik.

Məsələyə insan hüquqları aspektindən baxış
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov qeyd edib ki, Azərbaycanda heç bir din dövlət dini statusuna malik deyil və bütün dinlər bərabər hüquqludur.
“Ölkəmizdə ənənəvi dinlərlə yanaşı, qeyri-ənənəvi dini inancların da daşıyıcıları var. Belə olan halda hər bir şəxsin öz dini mənsubiyyətini və ya əqidəsini geyim vasitəsilə məktəb mühitinə gətirməsi məsələsinə ümumi təhsil prinsipləri çərçivəsində yanaşılmalıdır. Məktəb elə bir məkandır ki, burada geyim qaydalarına, təhsil mühitinə və qəbul edilmiş normalara riayət olunması vacibdir. Tədris prosesi ilə məşğul olan şəxslər də məktəbin dünyəvi xarakterini və mövcud qaydaları nəzərə almalıdırlar. Bu məsələlər vicdan azadlığı kontekstində düzgün qiymətləndirilməlidir. Məktəblərdə vahid geyim formasının tətbiqini avtomatik olaraq vicdan azadlığının məhdudlaşdırılması kimi təqdim etmək doğru deyil. Burada dünyəvi təhsil prinsipləri, məktəbin daxili qaydaları və şəxsin öz dini etiqadını ifadə etmək hüququ arasındakı fərqlər nəzərə alınmalıdır.
Konstitusiyanın 7-ci maddəsində Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika olduğu təsbit edilib. Konstitusiyanın 18-ci maddəsində isə dinin dövlətdən ayrı olduğu, bütün dini etiqadların qanun qarşısında bərabərliyi və dövlət təhsil sisteminin dünyəvi xarakter daşıması prinsipləri müəyyənləşdirilib. Bu müddəalar Azərbaycanda təhsil prosesinin dünyəvi əsaslar üzərində qurulduğunu göstərir.
Hər kəs öz dini əqidəsini ifadə etmək, eləcə də hər hansı dinə inanmamaq hüququna malikdir. Buna görə də şəxsin dini etiqadını ifadə etmək azadlığı ilə təhsil müəssisəsində vahid geyim qaydalarına riayət olunması məsələsi eyniləşdirilməməlidir. Vicdan azadlığı ayrıca hüquqi və mənəvi anlayışdır və məktəbli forması ilə bağlı müzakirələrdə bu fərq nəzərə alınmalıdır. Dünyanın bir çox ölkəsində vahid məktəbli formasının tətbiqi normal təhsil praktikası hesab olunur. Bu ənənə müxtəlif cəmiyyətlərdə fərqli formalarda həyata keçirilsə də, onun əsas məqsədlərindən biri məktəb mühitində ümumi qaydaların və vahid yanaşmanın qorunmasıdır. Azərbaycanda da məktəbli forması məsələsi dünyəvi təhsil prinsipləri, sosial bərabərlik, məktəb mədəniyyəti və qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir”, - deyə ekspert bildirib.

Təxribat cəhdləri yolverilməzdir
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə məsələyə münasibət bildirərkən dini mövzuların manipulyasiya alətinə çevrilməsinin, bu həssas sahədə müzakirələrdən sui-istifadə edilməsinin və müxtəlif təxribat cəhdlərinin yolverilməz olduğunu vurğulayıb. O, son günlər məktəblərlə bağlı yayılan hadisələrə münasibət bildirərək qeyd edib ki, belə məsələlərə münasibətdə hər kəs son dərəcə diqqətli, soyuqqanlı və təmkinli davranmalıdır.
“Azərbaycan müstəqil dövlətdir və ölkəmizdə gənclərin milli-mənəvi dəyərlərə sadiq ruhda yetişməsi üçün dövlət tərəfindən davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilir, zəruri addımlar atılır. Gənclərin sağlam mühitdə böyüməsi və inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bu baxımdan dini məsələlərin müzakirəsi zamanı cəmiyyətdə qarşıdurma yaratmağa yönəlmiş yanaşmalardan uzaq durmaq, milli-mənəvi dəyərlərə hörmət və ictimai məsuliyyət prinsiplərini əsas götürmək vacibdir”, - deyə deputat vurğulayıb.
Müxbir - Səbinə Əlizadə