Azərbaycanda polad konstruksiyalar üzrə yeni elmi-texniki kitab nəşr olunub
Bakı, 13 oktyabr, AZƏRTAC
İnşaat mühəndisi Elcan İbrahimovun müəllifi olduğu “Polad konstruksiyalar: Səssiz güc” kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, “Poladın gücü elmdən doğur” prinsipi üzərində qurulan nəşrdə mürəkkəb mühəndislik hesablamaları sadə və anlaşılan dildə təqdim edilir. Polad konstruksiyaların hesablanması və layihələndirilməsi həm Azərbaycan Dövlət Tikinti Normaları (AzDTN), həm də Avropa normaları (EN) əsasında izah olunur, normativ yanaşmalar müqayisə və təhlil edilir.
Kitab mühəndislər, layihəçilər, eləcə də inşaat mühəndisliyi üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub.
Elcan İbrahimov inşaat mühəndisliyi üzrə bakalavr və magistr təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində, doktorantura təhsilini isə Gümüşhane Universitetində alıb. 90-dan çox tamamlanmış layihənin mühəndisidir. Həmçinin 5 ildən artıq davam edən elmi araşdırmaların nəticəsi olaraq onlarla elmi məqalənin də müəllifidir.
Kitabın ərsəyə gəlməsində əsas məqsəd Azərbaycanda polad konstruksiyalar sahəsində ana dilində texniki ədəbiyyatın məhdudluğunun aradan qaldırılmasına töhfə verməkdir.
Kitabın rəyçiləri Əməkdar mühəndis, texnika elmləri üzrə fəlsəfə doktoru, professor Lətif Zeynalov, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Dilqəm Mahmudov və Azərbaycan Respublikası Hesablama Palatasının eksperti Nazim Qurbanovdur.