Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycanda dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb və bu istiqamətdə alimlər, siyasətçilər və dövlət xadimləri uzun illər mübarizə aparıblar. Müstəqilliyin bərpasından sonra qəbul edilən Konstitusiya və qanunvericilik aktları da ölkəmizdə dünyəvi dövlət və təhsil prinsiplərinin hüquqi əsaslarını möhkəmləndirib. Bu baxımdan məktəblərdə vahid geyim qaydalarının tətbiqi məsələsinə təhsil mühitində nizam-intizamın, bərabərliyin və milli-mənəvi dəyərlərin qorunması kontekstində yanaşmaq vacibdir.
AZƏRTAC-a açıqlamasında AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi dosent Hüseyn İbrahimov bildirib ki, Azərbaycan dünyəvi dövlətçilik ənənələri və dini-mədəni müxtəlifliyin qorunması baxımından özünəməxsus təcrübəyə malikdir.
Onun sözlərinə görə, Azərbaycanda insanların dini etiqad azadlığı, ibadətlərini yerinə yetirməsi və gündəlik həyatlarında dini inanclarına uyğun davranması qanunvericiliklə qorunur. Ölkəmizdə multikulturalizm və tolerantlıq cəmiyyətin mühüm dəyərləri kimi qəbul edilir. Alim qeyd edib ki, Nazirlər Kabinetinin məktəbli geyimi ilə bağlı qərarını baş örtüyünə və ya hicaba qadağa kimi təqdim etmək düzgün deyil. Burada əsas məqsəd məktəblərdə vahid geyim prinsipinin təmin olunmasıdır. Hüseyn İbrahimovun fikrincə, son dövrlərdə sosial şəbəkələrdə yayılan bəzi paylaşımlar ailə və təhsil institutlarını qarşı-qarşıya qoymağa, cəmiyyətdə süni ziddiyyətlər yaratmağa zəmin yarada bilər. Halbuki ailə və məktəb yeniyetmələrin şəxsiyyət kimi formalaşmasında bir-birini tamamlayan iki mühüm institutdur. O vurğulayıb ki, gənc nəslin milli-vətənpərvərlik ruhunda yetişdirilməsi, müasir biliklərə yiyələnməsi və müstəqil düşüncə qabiliyyətinin inkişafı dünyəvi təhsilin əsas məqsədlərindəndir. Bu prosesdə ideoloji təhlükəsizliyin, milli dəyərlərə bağlılığın və sağlam sosial münasibətlərin formalaşdırılmasının xüsusi əhəmiyyəti var.
Alim vahid məktəbli formasının sosial tərəflərinə də diqqət çəkib. Onun sözlərinə görə, məktəbdə bütün şagirdlərin eyni geyim qaydalarına əməl etməsi onların sosial vəziyyətindən və fərdi imkanlarından irəli gələn fərqlərin təhsil mühitində ön plana çıxmasının qarşısını almağa, kollektivlik və bərabərlik hissini gücləndirməyə kömək edə bilər.
Hüseyn İbrahimov vurğulayıb ki, təhsildə forma və məzmun bir-birini tamamlamalıdır. Müasir biliklərin mənimsənilməsi, milli-mənəvi dəyərlərin qorunması, bərabər imkanların yaradılması və məktəbdə nizam-intizamın təmin olunması vahid təhsil mühitinin formalaşmasına xidmət edən mühüm amillərdir.
Müxbir-Tünzalə Arazlı