Azərbaycanın Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk qızıl medalçısı Vətənə qayıdıb
Bakı, 3 noyabr, AZƏRTAC
Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycana ilk qızıl medalını qazandıran idmançı Vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, cüdoçu İbrahim Talıbov və onun məşqçisi Emin İsgəndərovu Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri, media təmsilçiləri və idmançıların yaxınları qarşılayıblar.
55 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan cüdoçu finalda xorvatiyalı rəqibi Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına "Dakar-2026"nın ilk qızıl medalını qazandırıb.
Xatırladaq ki, mübarizəyə 1/4 finaldan başlayan cüdoçumuz ilk iki görüşdə Mərkəzi Afrika Respublikasından olan İbrahim Mussanı və Səudiyyə Ərəbistanı təmsilçisi Muratz Hebahı mübarizədən kənarlaşdırmışdı.
Noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası 8 idman növündə 13 idmançı ilə təmsil olunur.
Videoqraf - Şövqi Əzizov