Məktəbli formasının tətbiqi ilə bağlı veteranlardan çağırış
Bakı, 13 oktyabr, AZƏRTAC
“Dəmir Yumruq” Vətən Müharibəsi Veteranlarına Dəstək İctimai Birliyi son günlər məktəblərdə vahid məktəbli geyimlərinin tətbiqinə qarşı irəli sürülən etirazlarla bağlı xəbər yayımlayıb.
Birliyin mətbuat xidmətinin rəhbəri, professor Elçin İsgəndərzadə tərəfindən AZƏRTAC-a təqdim edilən məlumatda Vətən müharibəsi iştirakçıları, qazilər və veteranlar vahid geyim qaydalarına qarşı yönələn əsassız etirazları dərin narahatlıq və təəssüf hissi ilə izlədiklərini bildiriblər.
Döyüşçülər vurğulayıblar ki, torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə qazanılan tarixi Zəfərin əsasında məhz çiyin-çiyinə dayanan silahdaşların əynindəki vahid hərbi forma, onun təcəssüm etdirdiyi bərabərlik və nizam-intizam dayanır. Məktəblərdə tətbiq edilən vahid məktəbli geyimi də eynilə həmin fəlsəfənin, yəni bərabərliyin və nizam-intizamın rəmzidir.
Məlumatda bəzi şəxslərin bu geyimləri dini dəyərlərə zidd kimi qələmə vermək cəhdlərinin tamamilə yanlış olduğu diqqətə çatdırılır. Vahid məktəbli geyiminin tətbiqi İslam dininin əleyhinə deyil, əksinə, onun uca dəyərləri ilə tam bir ahəng təşkil edir. Çünki İslam nizam və intizam dinidir, dövlətin elm ocaqları üçün müəyyənləşdirdiyi qaydalara riayət etmək cəmiyyətdə xaosun qarşısını alır. Şagirdlərin fikrini "nə geyinim?" qayğısından azad edərək tamamilə elmə yönəltmək dinimizin elm öyrənmək çağırışına tam uyğundur.
Bununla yanaşı, məktəb müxtəlif sosial təbəqələrdən olan uşaqların bir araya gəldiyi müqəddəs bir məkandır. Vahid geyim imkanlı və imkansız ailələrin övladları arasındakı fərqi vizual olaraq aradan qaldırır, uşaqların psixologiyasını sinfi ayrı-seçkilikdən qoruyur. Eyni zamanda forma geyinmək gənc nəslə erkən yaşlarından qanuna, nizama hörmət etməyi və rəsmiyyəti öyrədir, dövlətin təyin etdiyi formaya qarşı çıxmaq isə intizamsızlığa zəmin yaradır. Məktəbin dəb nümayişi yeri deyil, elm ocağı olduğu, vahid geyimin şagirdlərin diqqətini hər gün geyim qayğısından azad edərək tamamilə dərslərə fokuslamağa kömək etdiyi qeyd olunur.
Vətən uğrunda can qoyan döyüşçülər gələcəyimiz olan uşaqların intizamlı, bərabərhüquqlu və sağlam mühitdə böyüməsini arzulayaraq vahid geyim islahatını dəstəkləməyin hər bir vətəndaşın və valideynin mənəvi borcu olduğunu vurğulayırlar. Onlar şəxsi ambisiyaları və bəhanələri bir kənara qoyaraq Ali Baş Komandanın ətrafında sıx birləşməyin, övladlarımıza bərabərliyi və intizamı məhz məktəb illərindən peşəkar şəkildə öyrətməyin vacibliyini qeyd edirlər.