Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycanda ilk dəfə suahili dili Azərbaycan Dillər Universitetində (ADU) tədris olunmağa başlayıb.
Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Rektor Kamal Abdullanın təşəbbüsü və Azərbaycan Respublikasının Keniyadakı səfirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə Afrikaşünaslıq ixtisası üzrə suahili dili ADU-nun Dünya dilləri kafedrasında tədris edilməyə başlanılıb. Bu məqsədlə Keniyadan suahili dili üzrə mütəxəssis Martin Ndeli Azərbaycan Dillər Universitetinə dəvət olunub.
Kafedranın müdiri professor Nərgiz Seyidova müəllimi tələbələrə təqdim edərək suahili dilinin öyrənilməsinin onların dil biliklərini və dünyagörüşünü genişləndirmək, Afrika xalqlarının mədəniyyətini daha yaxından tanımaq baxımından əhəmiyyətini vurğulayıb. Suahili dilinin tədrisi Azərbaycanla Keniya və Afrika regionunun digər ölkələri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişlənməsinə töhfə verə bilər. Bu təşəbbüs tələbələr üçün yeni ünsiyyət imkanları yaradaraq xalqlar arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət edəcək.