Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub
Sofiya, 13 oktyabr, AZƏRTAC
18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü münasibətilə Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov doğma dilimizi öyrənən tələbələr üçün mühazirə keçirib.
Mühazirə zamanı Azərbaycanın müasir tarixinə, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə və milli dövlətçilik ənənələrinin formalaşmasındakı mühüm roluna nəzər salınıb.
Səfir Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində müstəsna xidmətlərini xüsusi qeyd edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunduğunu vurğulayıb. İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda mina təmizlənməsi, genişmiqyaslı bərpa, yenidənqurma və quruculuq işlərinin həyata keçirildiyini bildirib.
Ermənistanla münasibətlərə toxunaraq, davamlı sülhün təmin olunması istiqamətində sülh sazişinin paraflanmasının əhəmiyyətini qeyd edib. Sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş müddəaların aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Son bir ildə iki ölkə arasında de-fakto sülh şəraitinin formalaşdığını və tarixdə ilk dəfə olaraq ikitərəfli ticarətə başlanıldığını diqqətə çatdırıb.
Diplomat son 11 il ərzində dinamik inkişaf edən Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığına toxunaraq, 2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd ediləcəyini xatırladıb.
Sonda E.Məmmədov diplomat gənclərin və tələbələrin Azərbaycan-Bolqarıstan dostluq əlaqələrinin möhkəmləndirilməsində, qarşılıqlı anlaşmanın dərinləşdirilməsində və humanitar əməkdaşlığın inkişafında mühüm rol oynadıqlarına inamımı ifadə edib.