“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər
Bakı, 13 oktyabr, AZƏRTAC
Komandaların şanslarını bərabər qiymətləndirmək olar. Lakin "Slaviya" fiziki cəhətdən çox güclü komandadır və matç ərzində uzun ötürmələrdən aktiv şəkildə istifadə edir. Ön xəttində sürətli və təhlükəli futbolçular yer alıblar.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Çexiyanın “Slaviya Praqa” klubunun gənclər komandasında çıxış etmiş azərbaycanlı futbolçu Fərid Nəbiyev deyib.
Hazırda “İmişli”nin formasını geyinən yarımmüdafiəçi UEFA Çempionlar Liqasının liqa mərhələsində "Sabah" və "Slaviya Praqa" komandaları arasında keçiriləcək qarşılaşma barədə fikirlərini bölüşüb.
O, Azərbaycan çempionunun bu matçda üstünlük qazana biləcəyi məqamlara toxunub: "Rəqibin müdafiə xəttində müəyyən boşluqlar və inamsızlıq müşahidə olunur. Düşünürəm ki, "Sabah" təmkinli və intizamlı oynamaqla həmin boşluqlardan səmərəli istifadə edərək istəyinə nail ola bilər".
Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.
Xatırladaq ki, Fərid Nəbiyev 2017-2020-ci illərdə Çexiya təmsilçisinin akademiyasında çıxış edib.