“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır
Budapeşt, 13 oktyabr, AZƏRTAC
İrlandiyanın aşağıbüdcəli aviaşirkəti “Ryanair” 2027-ci ilin yay mövsümü üçün yeni uçuş istiqamətlərini elan edib.
AZƏRTAC xəbər verir ki, şirkətin açıqladığı ilk 29 yeni marşrut arasında Budapeşt ilə Böyük Britaniyanın Lids-Bredford hava limanını birləşdirən birbaşa reys də yer alıb.
Yeni marşrut Macarıstanın paytaxtından İngiltərənin şimalına səfər etmək istəyən sərnişinlər üçün əlavə imkan yaradacaq. Lids-Bredford hava limanı Lids şəhərinə və Qərbi Yorkşir bölgəsinə xidmət göstərir. Hazırda həmin istiqamətdə “Jet2” aviaşirkəti də birbaşa uçuşlar həyata keçirir.
“Ryanair” yay mövsümündə şəbəkəsini genişləndirməyi planlaşdırır. Şirkətin məlumatına görə, ümumilikdə 230 istiqaməti əhatə edən 2500-dən çox marşrut üzrə uçuşların təşkili nəzərdə tutulur.
Yeni elan edilən marşrutlar üzrə biletlər artıq satışa çıxarılıb. Aviaşirkət sərnişinlərə daha münasib qiymətlərdən yararlanmaq üçün biletləri əvvəlcədən bron etməyi tövsiyə edir.