Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çunyan” bayramının adət-ənənələri” adlı tədbir təşkil olunub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bayramın fəlsəfi məzmunu haqqında danışıb. O, Xan sülaləsinin imperatoru Lyu Banın uzunömürlülük əldə etmək üçün ay təqviminin doqquzuncu ayının doqquzuncu günündə əyninə zoğal ağacının budaqlarını geyinib xrizantema şərabı içmək adətini gündəmə gətirməsi ilə bağlı əfsanə haqqında ətraflı məlumat verib.
Tədbirdə çıxış edən ADU-nun Çinşünaslıq fakültəsinin tələbələri hazırda Çində yaşlılara hörmət əlaməti olaraq qeyd olunan bayramın adət-ənənələrini təsvir ediblər.
Qeyd olunub ki, müharibə aparan dövlətlər dövründə və Tan və Sun sülalələri zamanı qədim çinlilər bu bayramı bol məhsul, fəlakətlərdən xilas olmaq və xoşbəxt həyat üçün dua etməklə qeyd edirdilər. Onlar, həmçinin sağlamlığı, uzunömürlülüyü və bədbəxtlikdən qorunmanı simvolizə edən zoğal budağı ilə ritual dağ dırmanışları həyata keçirir, əcdadlarının xeyir-duasını almaq üçün çərpələng uçururdular.
Böyük Sin sülaləsinin şairi Tao Yuanminq tərəfindən təsis edilən bayramın mühüm bir ənənəsinə, həmçinin dözümlülüyün, nəcibliyin və uzunömürlülüyün rəmzi olan xrizantemalara heyranlıqla baxmaq, onların ləçəklərindən hazırlanmış şərab və ya çay içmək, habelə bu çiçəyin formasında hazırlanan fənərləri yandırmaq da daxil idi.
Tələbələr, həmçinin bayramın kulinariya rəmzi olan “Çunyan qao” adlı doqquzqatlı Paqoda formalı tortdan bəhs ediblər. Bu tortun yeyilməsi karyera yüksəlişinin və uzunömürlülük arzusunun rəmzidir. Tədbirdə qədim Çin şairi Van Veyin məşhur “Doqquzuncu ayın doqquzuncu günündə Şandunda yaşayan qardaşları xatırlayıram” mahnısı və müasir Çin dövlətinin qurucusu Mao Tszedunun “Çunyan” festivalına həsr olunmuş şeirləri təqdim edilib.