Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir
Tbilisi, 13 oktyabr, AZƏRTAC
Gürcüstan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin normallaşdırılması və gələcək əməkdaşlıq perspektivləri yenidən diqqət mərkəzindədir. Rəsmi Tbilisi dialoqun bərpasına hazır olduğunu bəyan etsə də, bu prosesdə qarşı tərəfin də mövqeyinin obyektiv şəkildə yenidən nəzərdən keçirilməsini gözləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə Aİ ilə əlaqələrin yenidən qurulması perspektivləri ilə bağlı sualı cavablandırarkən bildirib.
Hökumət başçısı qeyd edib ki, tərəflər arasında müəyyən istiqamətlərdə və ayrı-ayrı addımlar səviyyəsində cüzi irəliləyişlər müşahidə olunsa da, ümumi dinamika hələlik minimal səviyyədə qalır. “Münasibətlərdə və müəyyən addımlar səviyyəsində irəliləyişlər müşahidə olunsa da, bu, minimaldır və bunun səbəbi dövlətimizə qarşı münasibətdir”, - deyə Kobaxidze bildirib.
Baş nazirin açıqlamalarından aydın olur ki, Tbilisi əlaqələrin inkişafında maraqlıdır və dialoqun bərpası üçün bütün şərait mövcuddur. Lakin İ.Kobaxidze ayrı-ayrı Avropa dövlətləri ilə münasibətlərdə müsbət tendensiyaların qeydə alınmasına baxmayaraq, Avropa Komissiyası rəhbərliyinin mövcud yanaşmasının hələ də sərt olaraq qaldığını vurğulayıb. O, sağlam və qarşılıqlı hörmətə əsaslanan yanaşma olduğu təqdirdə münasibətlərin yenilənməsinə heç bir maneə görmədiklərini diqqətə çatdırıb.
Digər tərəfdən, Gürcüstan ətrafındakı proseslər Lüksemburqda keçirilən Avropa İttifaqının xarici işlər nazirlərinin toplantısında da müzakirə olunub. Avropa rəsmilərinin sərt bəyanatları göstərir ki, Tbilisi ilə Brüssel arasında bir sıra fundamental məsələlərdə fikir ayrılıqları hələ də qalmaqdadır. Hər iki tərəfdən dialoqun zəruriliyinə dair mesajlar səslənsə də, əlaqələrin tam bərpası istiqamətində hələlik konkret razılaşmalar barədə məlumat verilmir.
Ekspertlərin fikrincə, Gürcüstan–Aİ tərəfdaşlığının gələcək vektoru qarşıdakı dövrdə aparılacaq siyasi müzakirələrin nəticələrindən və tərəflərin qarşılıqlı addımlarından birbaşa asılı olacaq.