Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış
Bakı, 13 oktyabr, AZƏRTAC
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycanda şəhərsalmanın tarixi dövrləri və ənənələri” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev mövzunun Azərbaycan tarixinin müxtəlif dövrlərində şəhərlərin yaranması, inkişafı və şəhərsalma ənənələrinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. Tədbir çərçivəsində Azərbaycanın qədim dövrlərdən başlayaraq orta əsrlərə və xanlıqlar dövrünə qədər şəhərsalma tarixi, şəhərlərin formalaşma xüsusiyyətləri, tarixi mənbələrdə əks olunan məlumatlar və şəhər mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
Azərbaycanın qədim dövr tarixi şöbəsinin müdiri Ramin Əlizadə “Manna şəhərləri: qədim yazılı mənbələr və arxeoloji tapıntılar işığında” mövzusunda çıxış edib, Manna şəhərlərinin tarixi baxımdan araşdırılması, qədim yazılı mənbələrin və arxeoloji tapıntıların bu sahənin öyrənilməsində rolunu diqqətə çatdırıb.
Şimali Azərbaycanın XIX əsr – XX əsrin əvvəlləri tarixi şöbəsinin müdiri Hacı Həsənov “İrəvan tarixən erməni şəhəri idimi?” mövzusunda çıxış edib. Məruzədə İrəvanın tarixi keçmişinin araşdırılması, şəhərin tarixi kimliyi və bu məsələnin tarixi mənbələr əsasında öyrənilməsinin əhəmiyyəti vurğulanıb.
Atropatena və Albaniya tarixi şöbəsinin elmi işçisi İradə Səfərova “Bir daha Atropatena şəhərləri haqqında”, Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsinin elmi işçisi Paşa Həsənli “Orta əsrlərdə Azərbaycanda şəhərsalma ənənəsi: transformasiya və davamlılıq”, Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin baş elmi işçisi, tarix elmləri doktoru Güntəkin Nəcəfli “İrəvan şəhəri xanlıqlar dövründə” mövzusunda çıxış ediblər.
Dəyirmi masa Azərbaycanın şəhərsalma tarixinin müxtəlif mərhələlərinin elmi baxımdan araşdırılması, tarixi mənbələrin müqayisəli təhlili və milli şəhərsalma ənənələrinin öyrənilməsi baxımından əhəmiyyət daşıyıb.