Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb
London, 13 oktyabr, AZƏRTAC
Böyük Britaniyada fəaliyyət göstərən “Hobbs”, “Whistles” və “Phase Eight” kimi məşhur geyim brendləri kiberhücuma məruz qalıb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, sözügedən brendlərin sahibi olan Cənubi Afrikanın “The Foschini Group” (TFG) pərakəndə satış şirkəti oktyabrın 11-də Böyük Britaniyadakı törəmə müəssisəsi “TFG London”un bəzi informasiya texnologiyaları sistemlərinə kiberhücum edildiyini açıqlayıb.
Şirkətin məlumatına görə, hadisə əsasən “Phase Eight”, “Hobbs” və “Whistles” brendlərinin sistemlərinə təsir göstərib. Bununla belə, müştərilərin ödəniş məlumatlarının təhlükə altında olduğunu düşünmək üçün hər hansı əsasın olmadığı bildirilib.
Qeyd olunub ki, şirkətə məxsus digər brendlər, o cümlədən “Inside Story” və “White Stuff” kiberhücumdan təsirlənməyib. “TFG London” hadisə barədə Böyük Britaniyanın müvafiq dövlət qurumlarına məlumat verildiyini açıqlayıb.