Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə Özbəkistanın Sənaye Kooperasiyası və Dövlət Satınalmaları Agentliyi arasında onlayn formatda görüş keçirilib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşün məqsədi iki ölkə arasında dövlət satınalmaları sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi imkanları barədə fikir mübadiləsi aparmaq olub. Görüşdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi adından şöbə müdiri Zəminə Əliyeva, Özbəkistanın Sənaye Kooperasiyası və Dövlət Satınalmaları Agentliyi adından isə idarə rəisi Abror Qadoyev çıxış edib.
Görüş çərçivəsində hər iki ölkənin dövlət satınalmaları sisteminin cari vəziyyəti, hüquqi və institusional əsasları, mövcud elektron satınalma platformaları, satınalma prosedurlarının təşkili və nəzarət mexanizmləri barədə ətraflı məlumatlar təqdim olunub. Həmçinin rəqəmsal texnologiyalar və süni intellektdən istifadə imkanları, o cümlədən satınalma proseslərinin təhlili, risklərin müəyyənləşdirilməsi, məlumatların emalı və qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən işlərdən bəhs olunub.
Görüş zamanı dövlət satınalmalarının vahid internet portalı (etender.gov.az) və Özbəkistanın “Shaffof” elektron platforması, onların funksional imkanları və satınalma proseslərində əlçatanlığın artırılmasında rolundan bəhs olunub.
Sonda tərəflər arasında qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.