“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub
Naxçıvan, 13 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) həyata keçirdiyi "PeşəFest-2026" layihəsinin növbəti dayanacağı Naxçıvan Muxtar Respublikası olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu dəfə festivalın çadır-stendləri Naxçıvan şəhərində qurulub.
“Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə, DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov, həmçinin ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nazir F.Bağırzadə müasir əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli və peşəkar kadr potensialının formalaşdırılmasının, eləcə də gənclərin dayanıqlı məşğulluğunun təmin edilməsinin əsas prioritet istiqamətlərdən biri olduğunu bildirib. O, gənclərin peşə seçərkən əmək bazarının hazırkı tələbləri ilə yanaşı, gələcək inkişaf meyillərini və yeni texnologiyaların yaratdığı imkanları da nəzərə almalarının vacibliyini vurğulayıb. Nazir qeyd edib ki, “PeşəFest” gənclərin müxtəlif peşələr haqqında məlumatlılığının artırılmasına, onların əmək bazarına uyğun düzgün peşə seçiminə istiqamətləndirilmələrinə mühüm töhfə verir.
DMA-nın İdarə Heyətinin sədri H.Abbasov isə öz növbəsində, “PeşəFest”in muxtar respublikada keçirilməsinin təsadüfi olmadığını bildirib və deyib ki, Naxçıvanın özünəməxsus iqtisadi potensialı, sahibkarlıq mühiti, istehsal və xidmət sahələrinin inkişaf perspektivləri gənclərimiz üçün müxtəlif imkanlar yaradır. Bu imkanlardan yararlanmaq üçün isə düzgün istiqamət seçmək, müasir bilik və bacarıqlara yiyələnmək lazımdır. DMA-nın sədri festival çərçivəsində yaradılan imkanların məktəblilərə müxtəlif sahələrin xüsusiyyətlərini yaxından öyrənməyə, mütəxəssislərlə ünsiyyət qurmağa və gələcək seçimlərini daha aydın müəyyənləşdirməyə kömək etdiyini bildirib.
Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.
“PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlar barista, bərbər, tibb bacısı, tibb qardaşı, dənizçi, əşyaların interneti (“ağıllı” texnologiyaların internet vasitəsilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI,UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir.
Festival iştirakçıları bu peşələrin özünəməxsusluqları və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.
Festivalda iştirak ödənişsizdir. Peşə seçimi ilə maraqlanan hər kəs “PeşəFest-2026”da fəal iştiraka dəvət edilir.