Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə
Bakı, 13 oktyabr, AZƏRTAC
Azərbaycan hökumətinin vahid məktəbli forması və təhsil işçilərinin geyim qaydaları ilə bağlı qəbul etdiyi qərarlar təhsil müəssisələrində intizamın, sosial bərabərliyin və institusional mədəniyyətin möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Müasir cəmiyyətdə geyim mədəniyyəti yalnız fərdi zövq və estetik seçim məsələsi deyil, eyni zamanda, sosial münasibətlərə, ictimai davranış normalarına və təhsil mühitinin formalaşmasına təsir göstərən amillərdən biridir.
Bu barədə AZƏRTAC-a açıqlamasında Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli bildirib.
Alimin sözlərinə görə, şagirdlərin geyimində bahalı brendlərin, müxtəlif aksesuarların və dəbdəbəli bəzək əşyalarının ön plana çıxması məktəb mühitində sosial müqayisələri gücləndirə, ailələr üçün əlavə maliyyə yükü yarada bilər. Vahid məktəbli forması isə maddi imkan fərqlərinin zahiri görünüşdə təzahürünü azaltmağa, şagirdlər arasında ümumi mənsubiyyət hissini gücləndirməyə və diqqətin tədris prosesinə yönəldilməsinə şərait yarada bilər.
Vahid məktəbli forması məsələsinin dini etiqad azadlığı, xüsusilə hicabın istifadəsi ilə əlaqələndirilməsinə münasibət bildirən alim qeyd edib ki, bu məsələyə yanaşarkən hüquqi normalar və fərdi hüquqlar nəzərə alınmalı, ictimai müzakirələr faktlara əsaslanmalıdır. Onun fikrincə, Azərbaycanın dünyəvi dövlət prinsipləri və Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlar təhsil siyasətinin mühüm normativ əsaslarıdır. Təhsil müəssisələrində geyim qaydaları müəyyənləşdirilərkən təhsil prosesinin xüsusiyyətləri, ictimai maraqlar və fərdi hüquqlar arasında hüquqi baxımdan əsaslandırılmış tarazlıq qorunmalıdır. Buna görə də vahid məktəbli forması məsələsi dini mənsubiyyətlə bağlı ümumiləşdirilmiş mülahizələr əsasında deyil, təhsil siyasətinin məqsədləri və müvafiq hüquqi normalar çərçivəsində dəyərləndirilməlidir.
E.Mədətli təhsil işçilərinin geyim mədəniyyətinin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, müəllim yalnız bilik ötürən şəxs deyil, həm də davranışı, ünsiyyət mədəniyyəti və peşə etikası ilə şagirdlərin şəxsiyyət kimi formalaşmasına təsir göstərən nümunədir. Bu baxımdan müəllimlər üçün geyim mədəniyyətinin ümumi prinsiplərinin müəyyənləşdirilməsi peşəkar məsuliyyətin və təhsil müəssisəsinin institusional kimliyinin möhkəmləndirilməsinə xidmət edə bilər.
Sonda E.Mədətli vurğulayıb ki, vahid məktəbli forması yalnız geyimin standartlaşdırılması kimi deyil, təhsil mühitində sosial bərabərliyin, intizamın, kollektiv məsuliyyətin və institusional mədəniyyətin möhkəmləndirilməsi baxımından qiymətləndirilməlidir. Əsas məqsəd şagirdlərin xarici görünüşünü vahid standartlara uyğunlaşdırmaqla yanaşı, onların intellektual inkişafına, dünyagörüşünün genişlənməsinə, milli-mənəvi dəyərlərə bağlılığının və vətənpərvərlik şüurunun formalaşmasına xidmət edən sağlam təhsil mühiti yaratmaqdır.
Müxbir -Tünzalə Arazlı