Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Bu ilin birinci yarısında qlobal avtomobil bazarında zəifləmə qeydə alınıb. Yeni minik avtomobillərinin qeydiyyatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz azalaraq 35,7 milyon ədəd təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) yeni hesabatında qeyd olunub.
Hesabata əsasən, Yaxın Şərqdə münaqişənin başlanması və bunun nəticəsində enerji qiymətlərinin kəskin artması Avropa İttifaqının (Aİ) iqtisadi artım proqnozlarına mənfi təsir göstərib. 2026-cı ildə Aİ iqtisadiyyatının artımının 1,1 faiz olacağı proqnozlaşdırılır ki, bu da əvvəlki gözləntidən 0,3 faiz azdır. Ümumi inflyasiyanın isə əvvəlki proqnozla müqayisədə 1 faiz artaraq 3,1 faizə çatacağı gözlənilir. Sentyabrda enerji inflyasiyasının pik həddə çatması mövcud makroiqtisadi proqnozlar üçün əlavə risk yaradıb.
Qlobal avtomobil bazarındakı zəifləmə əsasən Çində daxili tələbatın 23,2 faiz azalması, eləcə də Yaxın Şərq və Afrikada yeni avtomobillərin qeydiyyatının azalması ilə əlaqələndirilir.
Regionlar üzrə göstəricilər fərqli olub. Avropa İttifaqında yeni avtomobillərin qeydiyyatı 5,7 faiz artıb, Asiyada isə 11 faiz azalıb. Cənubi Amerika 16,9 faizlik artımla ən sürətlə böyüyən region olub ki, bu artımda Braziliyanın 22,8 faizlik göstəricisi mühüm rol oynayıb.
Altı ayda qlobal minik avtomobili istehsalı 1 faiz azalaraq 37,6 milyon ədədə enib. Əsas avtomobil bazarlarının əksəriyyətində istehsal zəif olub. Çində daxili tələbatın azalması nəticəsində avtomobil istehsalı 5,8 faiz azalıb. Beləliklə, ölkədə 2020-ci ildən bəri ilk dəfə istehsal azalması qeydə alınıb. Bununla yanaşı, Çin istehsalçıları ixrac bazarlarına daha çox diqqət yetirməyə başlayıblar.
Şimali Amerikada avtomobil istehsalı 1,4 faiz azalıb. Cənubi Amerika isə əsas regionlar arasında artım göstərən yeganə region olub. Belə ki, burada istehsal 7,6 faiz artıb.
Avropa İttifaqında minik avtomobili istehsalı 2026-cı ilin ilk yarısında 0,4 faiz azalıb. Almaniya Aİ-də əsas avtomobil istehsalı mərkəzi olaraq qalıb və istehsalda 20 faizlik paya malik olub. İspaniyanın payı 12 faiz, Çexiyanın payı isə 10 faiz təşkil edib.
Çində istehsal edilən avtomobillərin Aİ satışlarındakı payı isə 9 faizə yüksəlib.
Aİ-nin avtomobil sektorunda xarici ticarət göstəriciləri də geriləyib. İdxalın dəyəri 15,6 faiz, həcmi isə 16,1 faiz artıb. İxracın dəyəri 12 faiz, həcmi isə 5,9 faiz azalıb. Nəticədə, avtomobil ticarətində müsbət saldo 34,2 faiz azalaraq 28,7 milyard avroya düşüb.
İdxalın artımında Çin əsas rol oynayıb. Bu ölkədən avtomobil idxalının dəyəri 70,5 faiz artaraq 10,5 milyard avroya çatıb, idxal olunan avtomobillərin sayı isə 700 min ədədi ötüb. Bunun əksinə olaraq, ABŞ və Türkiyə də daxil olmaqla əsas ixrac bazarlarına tədarük zəifləyib. Bununla belə, ABŞ və Birləşmiş Krallıq birlikdə Aİ-nin ümumi avtomobil ixracının dəyərinin 48 faizini təşkil edib.