Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
Bakı, 12 oktyabr, AZƏRTAC
Dövlət Proqramı İdarəetmə Qrupu (DPİQ) ilə “Boston Consulting Group” (BCG) şirkətinin nümayəndələri arasında görüş keçirilib.
Bu barədə AZƏRTAC-a İdarəetmə Qrupundan məlumat verilib. Bildirilib ki, görüşdə Dövlət Proqramı iştirakçılarının və məzunlarının peşəkar inkişafının dəstəklənməsi, eləcə də onların karyera imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Bu çərçivədə birgə təlimlərin və karyera sərgilərinin təşkili, Dövlət Proqramı iştirakçılarının və məzunlarının BCG şirkətinin təcrübə proqramlarına cəlb olunması məsələləri müzakirə edilib. Həmçinin şirkətdə mövcud vakansiyalar barədə məlumatların mütəmadi paylaşılması və uyğun namizədlərin iş imkanlarına yönləndirilməsi ilə bağlı razılıq əldə olunub.
Gənclərin beynəlxalq iş mühiti ilə tanışlığının təmin edilməsi və peşəkar əlaqələrinin genişləndirilməsi məqsədilə London, Milan və İstanbulda təhsil alan Dövlət Proqramı təqaüdçülərinin BCG-nin həmin şəhərlərdə təşkil etdiyi tədbirlərdə iştirakının təmin edilməsi barədə də qərar qəbul olunub.
Görüşdə, həmçinin əməkdaşlığın rəsmiləşdirilməsi və gələcəkdə inkişaf etdirilməsi məqsədilə tərəflər arasında sazişin imzalanması imkanları müzakirə edilib.