Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinə həsr olunan yeni tədqiqat kitabı işıq üzü görüb
Bakı, 12 oktyabr, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri dosent İnci Qasımlının “Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinin tədqiqi və elmi-tənqidi mətni” kitabı çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Nəşr Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan iki əlyazma nüsxəsi əsasında hazırlanıb.
Müəllif kitabın əvvəlində Şəmsəddin Sivasinin əsərinin Bakı nüsxələri barədə məlumat verir. İlk olaraq “Gülşənabad” əsərində çiçək motivinə toxunulur. Kitabda əsərin dili təhlil edilir, türkmənşəli arxaik sözlərdən bəhs edilir, əsərdəki xəlvətilik təriqətinin izləri nəzərdən keçirilir. Tədqiqatçı əsərin spesifik xüsusiyyətlərini qeyd edir, sufi ədəbiyyatında yerini göstərir. İ.Qasımlı, həmçinin Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinin Məhəmməd Füzulinin “Söhbətül-əsmar” və Şeyx İbrahim Gülşəninin “Gülşəni-abad” əsərləri ilə müqayisəli təhlilini aparır.
Tədqiqat hissəsindən sonra əvvəlcə Şəmsəddin Sivasinin “Gülşənabad” əsərinin transfoneliterasiya olunaraq müasir Azərbaycan dilinə uyğunlaşdırılmış mətni, sonra isə elmi-tənqidi mətni təqdim edilir. Kitabda, həmçinin əsərdəki türkmənşəli sözlərin lüğəti və ərəb-farsmənşəli sözlərin lüğəti, eləcə də göstəricilərin siyahısı verilir. Sonda əsərin əlyazma nüsxəsinin fotofaksimelesi təqdim edilir.