Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir
Bakı, 12 oktyabr, AZƏRTAC
Orta ixtisas məktəbləri təkcə bilik vermir, həm də şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Biz özümüz də bu təhsil müəssisələrində yetişmişik və yaxşı bilirik ki, uşaqların ilk ünsiyyət bacarıqları, kollektivdə davranışları, bir-birinə münasibətləri və sosiallaşma prosesləri məhz məktəb illərində formalaşır. Düşünürəm ki, şagirdlərin bütün bunlara nail olması, yaxşı nəticələr əldə etməsi üçün diqqətləri əsas məqsədlərindən yayınmamalıdır. Bu baxımdan, geyim məsələsi də diqqətə alınmalı məqamlardan biridir.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar mədəniyyət işçisi, aşıq, Prezident mükafatçısı Samirə Əliyeva deyib.
“Vahid məktəbli formasının tətbiqini və geyim qaydalarının müəyyənləşdirilməsini məqsədəuyğun hesab edirəm. Həm valideyn, həm də pedaqoji fəaliyyətlə bağlı təcrübəsi olan bir insan kimi bu məsələyə xüsusi önəm verirəm. Mənim də övladım hazırda dövlət orta ixtisas təhsili müəssisəsində təhsil alır, digər övladım isə artıq təhsilini başa vurub. Biz həmişə müəyyən qaydalara riayət etmişik və düşünürəm ki, bu ənənə davam etməlidir. Çünki hər sahənin öz mədəniyyəti olduğu kimi, geyim mədəniyyəti də var. Uşaqlar harada, necə və hansı geyimlərə üstünlük verməli olduqlarını məktəbdə də öyrənməlidirlər. Müəyyən qaydalara riayət etmək, nəyin uyğun, nəyin isə qəbul edilmiş çərçivələrdən kənar olduğunu anlamaq da tərbiyənin bir hissəsidir. Əlbəttə, təlim-tərbiyə yalnız geyimdən asılı deyil. Bununla belə, geyimin uşaqların davranışına, məktəb mühitinə və tərbiyəsinə təsirini də nəzərdən qaçırmaq olmaz. Mənim fikrimcə, vahid məktəbli formasının tətbiqi həm nizam-intizamın qorunması, həm də şagirdlər arasında bərabərliyin təmin olunması baxımından əhəmiyyətlidir”, - deyə Samirə Əliyeva deyib.
Müxbir – Gülay Nəzərova