Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr
Bakı, 12 oktyabr, AZƏRTAC
Revmatoid artrit birləşdirici toxumanın naməlum etiologiyalı xroniki sistem xəstəliyi olub, oynaqların klinik olaraq proqressivləşən, eroziv artritlə xarakterizə olunan mürəkkəb autoimmun patogenezli xəstəlikdir. Revmatoid artritin kliniki gedişi, proqnozunun ağırlıq dərəcəsi və sosial əhəmiyyətinə görə digər artritlərdən fərqlənir. Epidemioloji tədqiqatlar göstərir ki, Yer kürəsi əhalisinin bir faizi bu xəstəlikdən əziyyət çəkir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun revmatoloqu Ellada Qafarova deyib.
O bildirib ki, müasir revmatologiya revmatoid artritin kompleks mərhələli müalicəsi üçün effektiv üsullar işləyib hazırlayıb. Xəstəliyin müalicəsində sanator-kurort müalicəsinə və xüsusən təbii faktorların tətbiqinə üstünlük verilməsi təqdirəlayiqdir: “Revmatoid artritin müalicəsində xəstəliyin siklik xarakterli gedişi, müxtəlif aktivlik, orqan və sistemlərin zədələnmə dərəcəsini nəzərə alaraq, bu vasitələrin tətbiqi zamanı ciddi diferensial yanaşma tələb olunur. Belə ki, fizioterapevtik müalicələrdən ultrasəs, maqnitoterapiya, krioterapiya və balneoterapiya təyin edilir. Bu xəstəliyin kompleks müalicəsində təbii balneoloji faktorlardan naftalan, radon və müxtəlif hidrogen-sulfidli vannaların tətbiqinə geniş yer verilir. Qeyd olunan faktorlardan hidrogen-sulfidli vannalarla müalicə öz effektivliyinə görə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda əsasən çökmə süxurlarından çıxan və neftlə paragenetik münasibətdə olan müxtəlif kükürdlü su mənbələri mövcuddur. Abşeron yarımadası, Lənkəran-Masallı, Quba-Şabran və Qax-Şəki zonalarında hidrogen-sulfidli sulara rast gəlinir. Hidrogen-sulfidli vannalar xəstələrə fiziki, kimyəvi və bioloji olmaqla kompleks şəkildə təsir göstərir. Bu təsirlər içərisində kimyəvi təsir daha əhəmiyyətli hesab olunur. Vanna qəbulu zamanı əsas təsiredici amil sərbəst hidrogen-sulfid qazıdır. Bu xəstəliyin mürəkkəb patogenezi, patoloji prosesə orqanizmin bir çox sistemlərinin cəlb olunması müalicənin kompleks şəkildə aparılmasının əhəmiyyətinə zəmin yaradır”.
Ellada Qafarova deyib ki, revmatoid artrit xroniki xəstəlik olduğundan xəstələr uzunmüddətli dərman preparatları qəbul etməlidirlər. Bu preparatlar uzunmüddətli qəbul olunduğundan çox vaxt mədə-bağırsaq, ürək-damar sistemi və böyrəklər tərəfindən müəyyən dəyişikliklərə səbəb ola bilər. Bu baxımdan hər 2-3 aydan bir xəstələrə laborator müayinələrdən keçmək tövsiyə edilir.
Qeyd edək ki, bir çox ölkədə oktyabrın 12-si Ümumdünya Artrit Xəstəliyi ilə Mübarizə Günü kimi qeyd olunur.
Bu günün əsas məqsədi revmatoloji xəstəliklər probleminə dünya ictimaiyyətinin diqqətini cəlb etmək, artritin bütün formaları barədə məlumatlılığı artırmaq, xəstəliyin profilaktikası, erkən diaqnostikası, tibbi və sosial reabilitasiyası istiqamətində həkimlərin, pasiyentlərin və ictimaiyyətin səylərini birləşdirməkdir.