Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir
Bakı, 12 oktyabr, AZƏRTAC
Məktəbli forması təhsil müəssisələrində vahidliyin qorunması, şagirdlər arasında fərq qoyulmaması və nizam-intizamın təmin olunması baxımından çox vacibdir. Uşaqlar məktəbə ilk növbədə bilik qazanmaq, öyrənmək və gələcəkdə cəmiyyətə faydalı bir insan kimi yetişmək üçün gedirlər. Mənim övladlarım da hər zaman məktəbli forması geyinib. Özüm də hər zaman məktəbli formasının geyinməyinin tərəfdarı olmuşam.
Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Prezident mükafatçısı Toğrul Əsədullayev deyib.
O bildirib ki, məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmasının qarşısını almağa, onların özlərini eyni kollektivin üzvü kimi hiss etmələrinə də kömək edir. Hər bir məktəbin öz qaydaları, öz nizam-intizamı var və bu qaydalara hörmətlə yanaşmaq lazımdır.
“Digər tərəfdən, biz dövlətimizin qanunlarına riayət etməliyik. Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir. Əsas məqsədimiz uşaqlarımızın keyfiyyətli təhsil alması, sağlam mühitdə böyüməsi və gələcəyin savadlı, vətənpərvər vətəndaşları kimi yetişməsidir”, - deyə o qeyd edib.
Müxbir – Gülay Nəzərova