Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır
Bakı, 12 oktyabr, AZƏRTAC
Uşaq futbolu ölkə futbolunun gələcəyidir. Aşağı yaş qruplarının inkişafı üçün vacib addımlar atılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Cahangir Fərəcullayev “match.affa.az” saytının və “@AFFA.istedadlar” sosial media layihəsinin təqdimat mərasimində çıxışı zamanı deyib.
“U-15 dünya çempionatı çərçivəsində inşa edilən yeni yarış və məşq mərkəzi gələcəkdə uşaq futbolunun istifadəsinə veriləcək. Hazırda mərkəzdə son quruculuq işləri görülür. Arena ən müasir standartlara uyğun şəkildə inşa edilir”, - deyə baş katib bildirib.
AFFA rəsmisi “Eyeball” layihəsinin əhəmiyyətinə də toxunub. O bildirib ki, layihə vasitəsilə 2000 istedadlı uşaq müəyyənləşdirilib. Toplanan analitik məlumatlar məşqçilərə futbolçuların fərdi inkişaf planlarını hazırlamaqda böyük dəstək verir. Cahangir Fərəcullayev təşəbbüsün UEFA tərəfindən yüksək qiymətləndirildiyini və artıq bir çox yerli klubun bu sistemdən istifadə etdiyini vurğulayıb.
Fərəcullayev yeni rəqəmsal platformaların uşaqların motivasiyasına müsbət təsir edəcəyinə inandığını bildirib. Onun sözlərinə görə, saytlar və sosial media resursları uşaq futboluna marağın artırılmasına xidmət edir. Uşaqların özlərini bu platformalarda görməsi onların gələcəkdə böyük futbolçu olmaq arzusunu daha da gücləndirir.
Baş katib bərpa olunan “Məktəbli Kuboku” turnirinin də böyük rəğbətlə qarşılandığını qeyd edib. O, gələn ildən yarışın formatının dəyişdirilərək beynəlxalq turnir səviyyəsinə yüksəldilməsinin planlaşdırıldığını bildirib.
AFFA rəsmisi görülən işlərin əsas məqsədinin gələcəkdə milli komandanın şərəfini layiqincə qoruyacaq futbolçular yetişdirmək olduğunu vurğulayıb: “Əminəm ki, hazırda 14, 15, 16 yaşında olan futbolçular gələcəkdə güclü milli komandanı formalaşdıracaqlar”.