Azərbaycanın Zəfər Günü CAR-da qeyd olunub
Bakı, 4 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi tərəfindən rəsmi qəbul və fotosərgi təşkil olunub.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, açılış mərasimində çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Hüseyn Rəhimli noyabrın 8-də Azərbaycanın Vətən müharibəsində qazanılmış tarixi Qələbənin altıncı ildönümünü qeyd etdiyini bildirib. O, bu əlamətdar günün Azərbaycan xalqının suverenliyini və ərazi bütövlüyünü bərpa etmək, doğma yurdunda dinc yaşamaq yolunda göstərdiyi əzmkarlıq, birlik və fədakarlığa ehtiramın ifadəsi olduğunu vurğulayıb.
Pretoriya şəhərinin icraçı merinin müavini Eugen Modise və CAR-ın Müdafiə Nazirliyinin rəsmisi polkovnik Kalayvani Pillay təmsil etdikləri qurumlar adından Azərbaycan dövlətini və xalqını, Azərbaycanın Silahlı Qüvvələrini Zəfər Günü münasibətilə təbrik edərək, ölkəmizin sevincini bölüşdüklərini bildiriblər.
Natiqlər 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, bu şanlı Qələbənin müstəqilliyin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizədə nümunəvi olduğunu vurğulayıblar. Azərbaycan əsgərlərinin Vətən müharibəsi zamanı göstərdikləri qəhrəmanlıq və şücaət CAR nümayəndələri tərəfindən yüksək qiymətləndirlib.
Çıxış edənlər, həmçinin CAR ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətlərindən bəhs ediblər. Azərbaycanın regionda yaratdığı yeni reallıqların və əldə etdiyi uğurların bölgədə davamlı sabitliyin bərqərar olunmasına möhkəm zəmin yaratdığı diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş fotostendlər və film nümayiş etdirilib.