Nazirlik: 2022-2026-cı illərdə ÜDM ildə 2,7 faiz artacaq
Bakı, 4 noyabr, AZƏRTAC
Bu ilin gözlənilən nəticələri də nəzərə alınmaqla, 2022–2026-cı illərdə ümumi daxili məhsul (ÜDM) orta hesabla ildə 2,7 faiz, qeyri-neft-qaz sektoru isə 5,2 faiz artacaq ki, bu da müəyyən edilmiş hədəfdən yüksəkdir.
AZƏRTAC xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, ötən dövrdə iqtisadiyyatda keyfiyyət dəyişiklikləri də baş verib. Belə ki, cari ilin gözlənilən nəticəsi də nəzərə alınmaqla 2019-cu ildən bəri qeyri-neft-qaz ixracı 2,5 dəfə artıb, oktyabrın 1-nə strateji valyuta ehtiyatları 2018-ci ilin sonu ilə müqayisədə iki dəfə artaraq 89,4 milyard dollara çatıb. Bu, illik ümumi daxili məhsuldan çoxdur və xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir. Qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı bu dövrdə təxminən iki dəfə artıb və ümumi müqavilə sayının 56,5 faizini təşkil edir.
“Qeyri-neft-qaz sektoru üzrə artımın aparıcı mənbəyi qeyri-neft-qaz sənayesi, logistika və rəqəmsal xidmətlərdir. Özəl sektordan əsas kapitala investisiyalar 14,7 milyard manat olmaqla real ifadədə 10,9 faiz artıb. Qeyri-neft-qaz sektorunda özəl investisiyalar isə 21 faiz ətrafında artıb. Dövlət büdcəsi xərclərinin, o cümlədən əsaslı xərclərin ilin sonunadək tam icrası iqtisadi artımın sürətinə təsir edən mühüm amildir”, - deyə Aparat rəhbəri əlavə edib.