Azərbaycanda yeni yataqların istismarı qızıl hasilatını artıra bilər – Ekspert rəyi
Bakı, 4 noyabr, AZƏRTAC
Keçmişdə rentabelli və sərfəli hesab olunmayan yataqlarda artıq hasilatın başlanması nəticəsində Azərbaycanda qızıl hasilatının həcmi daha da arta bilər.
Bu fikirləri AZƏRTAC-a iqtisadiyyat üzrə fəlsəfə doktoru, UNEC-in dosenti Emin Qəribli bildirib.
O vurğulayıb ki, bu amil ölkənin ixrac potensialının genişlənməsinə və qızıl-valyuta ehtiyatlarının artmasına əhəmiyyətli töhfə verəcək: “İstənilən məhsulun qiymətinin artması həmin sahəyə marağın və tələbatın artmasına səbəb olur, baxmayaraq ki, bəzi hallarda qiymət artımından sonra tələbatda azalma müşahidə oluna bilər. Lakin qızıl bazarında vəziyyət fərqlidir. Son illərdə bu qiymətli metalın qiymətinin daim artması fonunda qızıl sənayesi və istehsalına maraq kifayət qədər yüksək olaraq qalır. Qiymətlərin aşağı olduğu dövrlərdə hasilatı baha başa gəldiyi üçün sərfəli olmayan yataqlarda işlər dayandırılsa da, qiymətlərin artması fonunda bu proses yenidən aktivləşir. Azərbaycanda da həyata keçirilən geoloji kəşfiyyat işləri və dövlət proqramına uyğun olaraq dağ-mədən, xüsusilə də qızıl sahəsinin inkişafı üçün qəbul edilən strategiya bu baxımdan mühüm əhəmiyyət daşıyır”.