NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib
Bakı, 12 oktyabr, AZƏRTAC
NASA Yer planetinin qonşusu olan Marsı tədqiq etməyə davam edən avtomobil ölçüsündəki “Curiosity” roveri tərəfindən çəkilmiş, planetin səthindəki dan yerinin ağarmasını əks etdirən fotoşəkili yayımlayıb.
AZƏRTAC “Space” portalına istinadla xəbər verir ki, şəkildə Günəş şüalarının milyardlarla il əvvəl formalaşmış kələ-kötür qayaları işıqlandırdığı görünür.
“Curiosity” 2012-ci ildə Marsın ekvatoru yaxınlığındakı “Gale” kraterinə eniş edib və 2014-cü ildən bəri onun dibindən yüksələn, təxminən 5 kilometr hündürlüyündə “Sharp” dağına doğru irəliləyir. Görüntü altıtəkərli roverin “Mastcam” kamerası vasitəsilə, uzaqda küləyin aşındırdığı qayaların yer aldığı mənzərə üzərində Günəşin doğuşundan təxminən bir saat sonra çəkilib.
NASA-nın Kaliforniyadakı laboratoriyasının alimi və “Curiosity” layihəsinin elmi rəhbəri Aşvin Vasavada bildirib: “Uzaqdakı parlaq və qayalı zirvələr roverin indiyədək üzərindən keçdiyi bütün təbəqələrdən tamamilə fərqlənən qayalıqdır. Hesab edirik ki, bu, vaxtilə küləklə daşınmış çöküntü – bəlkə qum, bəlkə də yaxınlıqdakı vulkanik fəaliyyət nəticəsində kraterə sovrulmuş kül olub. Çöküntü bərkiyib qayaya çevrildikdən sonra uzun geoloji dövrlər ərzində küləyin təsiri ilə bu qaya təbəqəsi yarğan silsilələrinə çevrilib”.
Onun sözlərinə görə, yarğan təbəqəsi çox güman ki, təxminən 3 milyard il əvvəl – dağın qalan hissəsi ilə eyni dövrdə formalaşıb. Bu təbəqə “Şarp” dağının şimal-qərb hissəsi boyunca təxminən 16 kilometr məsafəni əhatə edir.