Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?
Bakı, 12 oktyabr, AZƏRTAC
Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müvəqqəti olaraq yumşaldılması dünya bazarında dizel yanacağının qiymətinin kəskin şəkildə ucuzlaşmasına səbəb olmayacaq. Əlbəttə, ABŞ Maliyyə Nazirliyinin qərarına əsasən, 2027-ci il aprelin 7-dək Rusiyanın dünya bazarına dizel yanacağı ixracına dair bəzi sanksiyaların aradan qaldırılması qiymətlərə təsir göstərəcək. Lakin Rusiyanın özündə də yanacaq istehsalı ilə bağlı ciddi problemlər mövcuddur.
AZƏRTAC xəbər verir ki, Ukraynanın dron hücumlarına məruz qalan Rusiyanın neft emalı zavodları neft emalını iki dəfədən çox azaltmaq məcburiyyətində qalıb. Daxili bazarda neft məhsullarının satışından əldə olunan gəlirlər isə zərər görmüş 20-dən çox zavodun təmirinə yönəldilir. Bu zavodların bəziləri istehsalı tamamilə, digərləri isə qismən dayandırıb.
“Eurasia Group”un neft bazarı üzrə analitiki Georgi Bryu bildirib ki, ABŞ ilə Rusiya arasında əldə olunan razılaşma və Rusiyanın dünya bazarına dizel yanacağı çıxarmaq imkanı qazanması yalnız qısa müddətdə qiymətlərin azalmasına səbəb ola bilər. ABŞ sutkada 3,6 milyon barel dizel yanacağı istehsal edir ki, bunun da üçdəbiri ixraca yönəldilir. Rusiya isə ABŞ bazarına sutkada cəmi 74 min barel dizel yanacağı ixrac edə bilər. Bu isə böyük həcm hesab olunmur.
ABŞ administrasiyası məcburiyyət qarşısında qalaraq Rusiya ilə razılaşma əldə edib. Belə ki, son zamanlar ABŞ-də dizelin bir qalonunun qiyməti 6,28 dollara qədər yüksəlib. Bu, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə çalışan milyonlarla insanın narazılığına səbəb olub. Halbuki, üç ay əvvəl ABŞ-də dizelin bir qalonunun qiyməti cəmi 3 dollar idi.
Rusiya hələlik ABŞ bazarına 300 min ton, dünya bazarına isə ümumilikdə 500 min ton dizel yanacağı ixrac etmək imkanına malik olduğunu açıqlayıb. ABŞ-nin Rusiyadan dizel yanacağı ixracına dair sanksiyaları yumşaltmaq qərarına Ukrayna tərəfi də münasibət bildirib. Ukrayna Prezident Administrasiyasından verilən məlumata görə, Rusiyanın neft emalı zavodlarına daha intensiv zərbələr endiriləcək.
Rusiyanın dünya bazarına qeyd olunan həcmdə dizel yanacağı ixrac edə bilib-bilməyəcəyini zaman göstərəcək. Hələlik isə dünya bazarında dizelin qiymətində cüzi azalma müşahidə olunur.