Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycanın 2028-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etməsi ölkənin iqtisadi diplomatiyasının gücləndirilməsi, xarici ticarət əlaqələrinin genişləndirilməsi və regional iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm imkanlar yarada bilər.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Samir Heydərov bildirib.
Onun sözlərinə görə, MDB ölkələri Azərbaycan üçün əhəmiyyətli iqtisadi tərəfdaşlardır.
“Bu bazarlarda kənd təsərrüfatı və qida sənayesi məhsullarına, tikinti materiallarına, kimya sənayesi və müxtəlif sənaye mallarına tələbat mövcuddur. 2025-ci ilin yekunlarına əsasən, Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən 15,4 faizi MDB ölkələrinin payına düşüb. Sədrlik dövründə sahibkarlar arasında birbaşa əlaqələrin genişləndirilməsi, ticarət prosedurlarının sadələşdirilməsi və investisiya əməkdaşlığının gücləndirilməsi istiqamətində təşəbbüslər irəli sürülə bilər. Ölkəmizin Şərq–Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi yükdaşımaların artırılması və logistika xidmətlərinin genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.İqtisadçı bildirib ki, ötən il beynəlxalq yükdaşımalar üzrə əldə edilən gəlir 3,3 milyard manat təşkil edib. Azərbaycan, Özbəkistan və Türkmənistanın MDB-nin sədrlik troykasında təmsil olunması iqtisadi əməkdaşlığın daha sistemli inkişafına şərait yarada bilər. Azərbaycan tranzit və logistika imkanları, Özbəkistan sənaye və kənd təsərrüfatı istehsalı, Türkmənistan isə enerji resursları və Xəzər dənizindəki nəqliyyat imkanları ilə regional əməkdaşlıqda mühüm rol oynayır. Qarşılıqlı ticarətin strukturunun genişləndirilməsi, emal sənayesi, tekstil, kimya, qida istehsalı və tikinti materialları sahələrində birgə layihələrin həyata keçirilməsi vacibdir”, - deyə iqtisadçı-ekspert vurğulayıb.
Samir Heydərov qeyd edib ki, Özbəkistan və Türkmənistan məhsullarının Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Qərb bazarlarına daşınması, eləcə də Azərbaycan məhsullarının Mərkəzi Asiyada satış imkanlarının genişləndirilməsi üçün potensial mövcuddur: “Bunun üçün limanların, dəmir yollarının və avtomobil nəqliyyatı marşrutlarının əlaqələndirilməsi, birgə investisiya layihələrinin təşviqi vacibdir. Özbəkistanın 2027-ci ildəki sədrlik dövründə irəli sürülən iqtisadi və nəqliyyat təşəbbüslərinin Azərbaycanın 2028-ci ildəki sədrlik dövründə davam etdirilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələri dərinləşdirə bilər. Elektron bəyannamələrin və tranzit sənədlərinin qarşılıqlı tanınması, vahid elektron pəncərə sistemlərinin inkişafı, risk əsaslı gömrük nəzarətinin tətbiqi sərhədlərdə vaxt itkisinin və əlavə xərclərin azalmasına kömək edə bilər”.
Ekspertin sözlərinə görə, MDB çərçivəsində ticarət maneələrinin azaldılması üçün mütəmadi monitorinq mexanizminin yaradılması, sahibkarların qarşılaşdıqları problemlərin müəyyənləşdirilməsi və onların həlli üzrə konkret tədbirlərin görülməsi məqsədəuyğundur. Samir Heydərov vurğulayıb ki, Azərbaycanın 2028-ci ildə MDB-yə sədrlik etməsi özlüyündə avtomatik iqtisadi nəticələr yaratmır.