Azərbaycan üçün əsas məsələ etimadı və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir ŞƏRH
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycanla Mərkəzi Asiya arasında əlaqələr daha da dərinləşir. Nəqliyyat və enerji marşrutlarının genişləndirilməsi, Xəzər dənizində təhlükəsizlik və əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni prioritetlər formalaşmaqdadır.
Prezident İlham Əliyevin oktyabrın 8-9-da Türkmənistanın Türkmənbaşı şəhərinə işgüzar səfəri və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət Görüşündə iştirakı regionun geosiyasi və iqtisadi mənzərəsində Azərbaycanın artan rolunu bir daha gündəmə gətirdi. Səfər çərçivəsində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla keçirilən görüşdə ikitərəfli münasibətlərin genişləndirilməsi, nəqliyyat, tranzit, logistika, enerji və Xəzər dənizi ilə bağlı məsələlər müzakirə olundu. Bu səfərin əhəmiyyəti ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı regional əməkdaşlıqda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Burada söhbət həm coğrafi yaxınlıqdan, həm ortaq iqtisadi maraqlardan, nəqliyyat əlaqələrindən, enerji təhlükəsizliyindən və beynəlxalq bazarlara çıxış imkanlarından gedir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, Azərbaycan Xəzəryanı dövlət kimi Mərkəzi Asiya ölkələrini Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə birləşdirən mühüm nəqliyyat və logistika mərkəzidir. Prezident İlham Əliyev Məşvərət Görüşündə çıxışı zamanı Orta Dəhlizin əhəmiyyətinə xüsusi diqqət yetirdi. Dövlətimizin başçısı da qeyd etdiyi kimi, bu marşrut üzrə tranzit yükdaşımalarının həcmi 2025-ci ildə 10 faizdən çox, 2026-cı ilin ilk səkkiz ayında isə təxminən 20 faiz artıb. Bu rəqəmlər marşrutun regional ticarət və beynəlxalq təchizat zəncirləri üçün artan əhəmiyyətini göstərir.
Deputat qeyd edib ki, Azərbaycanın üstünlüyü həm də dəniz limanları, dəmir yolları, avtomobil yolları və hava nəqliyyatı infrastrukturuna yatırılan sərmayələri əhatə edir. Belə ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub istiqamətlərindəki mövqeyi daha da möhkəmlənir. Təsadüfi deyil ki, 2026-cı ilin ilk yarısında Azərbaycan ərazisindən tranzit yükdaşımalarının həcmi təxminən 8 milyon tona çatıb. Orta müddətli hədəf isə hər iki əsas nəqliyyat dəhlizi üzrə yükdaşımaları 15 milyon tona çatdırmaqdır. Bununla yanaşı, rəqəmsal bağlantı da gələcək əməkdaşlığın mühüm istiqamətidir. Xəzərin dibi ilə fiber-optik kabel xətlərinin çəkilməsi üzrə işlər və “Digital Silk Way” layihəsi regionun rəqəmsal inteqrasiyasına xidmət edəcək. Beləliklə, Azərbaycan fiziki yüklərlə yanaşı, informasiya və rəqəmsal xidmətlərin də regional əlaqələndiricisinə çevrilmək imkanlarını genişləndirir.
“Səfər çərçivəsində Azərbaycan Prezidentinin diqqət çəkdiyi əsas məsələlərdən biri Mərkəzi Asiya ölkələri ilə iqtisadi əməkdaşlığın yeni səviyyəyə qaldırılmasıdır. Belə ki, dövlətimizin başçısı qarşılıqlı ticarətin artırılması, birgə investisiyaların genişləndirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və məhsulların xarici bazarlara birlikdə çıxarılmasını da təklif etdi. Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması da bu istiqamətdə mövcud mexanizmlərdən biridir. Prezidentin təklif etdiyi kimi, həmin fondların imkanlarından daha fəal istifadə olunması qarşılıqlı sərmayələri real istehsal layihələrinə çevirmək baxımından əhəmiyyətlidir”, - deyə o əlavə edib.
Nigar Məmmədova vurğulayıb ki, Azərbaycan və Türkmənistan arasında son illərdə yüksəksəviyyəli təmasların intensivləşməsi də münasibətlərin siyasi və iqtisadi gündəliyini genişləndirir. İki ölkənin Xəzərin sahillərində yerləşməsi əməkdaşlığın əhəmiyyətini artırır. Limanların imkanlarının uzlaşdırılması, yükdaşıma prosedurlarının sadələşdirilməsi, rəqəmsal gömrük həlləri və müntəzəm nəqliyyat əlaqələri Orta Dəhlizin rəqabət qabiliyyətini artırır. Bununla belə, regional inteqrasiyanın davamlılığı bütün iştirakçıların maraqlarının nəzərə alınmasını tələb edir. Azərbaycan üçün əsas məsələ tranzit həcmlərini artırmaqla yanaşı, region ölkələri arasında etimadı, qarşılıqlı fayda və uzunmüddətli tərəfdaşlığı möhkəmləndirməkdir.