Azərbaycanlı tələbələr Türk dünyası gənclərinin birinci görüşündə iştirak ediblər
Kocaeli, 11 oktyabr, AZƏRTAC
Türkiyənin Kocaeli şəhərində “Ortaq miras, tək ürək” şüarı ilə təşkil olunan Türk dünyası gənclərinin birinci görüşündə çox sayda azərbaycanlı tələbə iştirak edib.
Gənclərimiz tədbirlə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüblər.
“Burada iştirak etdiyim üçün çox şadam. Tədbirin bu qədər geniş coğrafiyanı əhatə edəcəyini bilmirdim. Burada türk birliyini, xalqlarımız arasındakı qardaşlığı yaxından hiss etdim. Fikrimcə, bu tədbir gənclərin bir-birini tanıması və ortaq dəyərlərimizin daha yaxından öyrənilməsi üçün çox böyük fürsətdir”, - deyə Bakı Dövlət Universitetinin tələbəsi Ayşə Rzayeva bildirib.
Bakı Mühəndislik Universitetinin kompüter elmləri ixtisası üzrə tələbəsi Zərif Salehzadə isə fikirlərini belə izah edib: “Burada olmaq çox qürurvericidir. Ümumiyyətlə, bütün Türk dünyasından olan xalqların nümayəndələri, onların mədəniyyəti, adət-ənənələri və mətbəxləri ilə yaxından tanış olmaq çox xoş oldu. Burada olduğum üçün özümü xoşbəxt hiss edirəm. Ümid edirəm ki, bu tədbirlərin sayı daha çox olar və biz Azərbaycanı Türk dünyasının başqa ölkələrində də layiqincə təmsil edərik”.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi, “Şərq” qəzetinin müxbiri Banuçiçək Albalıyeva isə Türk dünyası gənclərinin bir araya gətirilməsinin olduqca əhəmiyyətli olduğunu deyib: “Çünki, İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” ideyası bütün türk dövlətlərinin siyasətində ən vacib mövqelərdən birini tutur. Bu mövqeyin gənclərə ötürülməsi isə xüsusi əhəmiyyət daşıyır. Biz burada Türk dünyasının müxtəlif ölkələrindən gələn gənclərlə tanış olduq. Mən, eyni zamanda, çox sayda həmkarımla tanış olmaq imkanı qazandım. Bütün bunlar, təbii ki, Türk dünyasının möhkəmlənməsinə, birlikdə inkişaf etməsinə şərait yaradır”.
Texniki Universitetin tələbəsi Dünya İsmayılova da tədbirdə olmaqdan qürur hissi keçirdiyini deyib: “Mən bu tədbirdə müxtəlif türk xalqlarının mədəniyyətləri ilə bağlı olduqca çox məlumat aldım. Fikrimcə bu tədbir gənclərimiz üçün çox faydalıdır. Çünki biz öz tariximizi və qardaş xalqların mədəniyyətini bilməliyik. Burada isə bununla bağlı çox məlumat əldə etdik. Bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsi gənclərimiz arasında birlik baxımından çox böyük əhəmiyyət daşıyır”.