Sakinlərə keyfiyyətli xidmət: Qax Elektrik Şəbəkəsi bu istiqamətdə səylərini artırıb
Qax, 11 oktyabr, AZƏRTAC
Qax rayonunda istehlakçıların keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, eləcə də şəbəkənin təhlükəsiz fəaliyyətinin yüksəldilməsi məqsədilə rayon Elektrik Şəbəkəsi tərəfindən 2026-cı il ərzində təmir-bərpa, yenidənqurma və profilaktik tədbirlər davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilir ki, bu müddətdə yüksək gərginlikli yarımstansiya və xətlərdə mühüm texniki yenilənmələr aparılıb. 110/35/10 kV-luq “Şıxlar” Yarımstansiyasında 10 kV-luq “Almalı” hava xəttinin qəzalı şin ayrıcısı dəyişdirilib, 35/10 kV-luq “Yeni İlisu” Yarımstansiyasının ərazisi yaşıl bitki örtüyündən, 10 və 35 kV-luq Qapalı Paylayıcı Qurğular isə tozdan təmizlənib. 10 kV-luq hava xətlərində ümumilikdə 20 ədəd yeni metal boru dayaq basdırılıb, 22 ədəd dayaq rənglənib. Eyni zamanda, güclü külək və sel nəticəsində “Qorağan”, “Almalı”, “Əmircan”, “Qaşqaçay” və “Güllük” hava xətlərində baş vermiş qəza halları, zədələnmiş və çürümüş ağac dayaqlar operativ şəkildə yeni metal boru dayaqlarla əvəzlənib, qırılan naqillər bərpa olunub.
Rayonda elektrik avtomobillərinin istifadəsini dəstəkləmək məqsədilə şarj aparatının quraşdırılması ilə əlaqədar 10 ədəd quyu qazılaraq metal boru dayaqlar basdırılıb, 1500 metr SİP-3 kabel xətti çəkilərək ayrıcı avadanlıqlar quraşdırılıb. Yüksəkgərginlikli xətlərin mühafizə zolaqlarında təhlükəsizliyi təmin etmək üçün “IV Şəhər”, “Qaşqaçay”, “Qorağan”, “İlisu”, “Qaxbaş”, “Əmircan”, “Qıpçaq” və “Güllük” hava xətləri boyunca ümumilikdə 4.2 km məsafədə ağac budaqları təmizlənib.
Bununla yanaşı rayon ərazisində aşağı gərginlikli (0.4 kV) xətlər və Transformator Məntəqələri (TM) üzrə də məqsədyönlü işlər həyata keçirilib. Qax şəhərində əhalinin artan tələbatını nəzərə alaraq iki transformator daha böyük güclü (160 kVA və 320 kVA) analoqları ilə əvəz olunub, əlavə fazalar çəkilərək gərginlik rejimi tənzimlənib.
Rayonun İngiloy Kötüklü, İbaxlı, Armudlu, Marsan, Çüdüllü, Cəlayir, Turaclı, Fıstıqlı, Şıxlar, Əmbərçay, Əlibəyli, Qaratala, Qaxbaş, Qaşqaçay və Lələpaşa kəndlərində yerləşən transformator məntəqələrində və 0.4 kV-luq xətlərdə baş vermiş texniki qüsurlar və külək fəsadları aradan qaldırılıb, yararsız dayaqlar yeniləri ilə əvəzlənib, boşalmış naqillər tarımlaşdırılıb. Bu şəbəkə üzrə 11 ədəd yeni metal boru dayaq basdırılaraq 12 ədəd yararsız dayaq dəyişdirilib. Rayonun Turaclı, Qaşqaçay kəndlərində və Qax şəhərində 30 ədəd 0.4 kV-luq dayaq rənglənib. Həmçinin Əmbərçay, Qaşqaçay və Şotavar kəndlərində 1.4 km məsafədə xəttin mühafizə zolağı təmizlənib, Malax kəndindəki TM-də cari təmir aparılıb və rayon üzrə 18 ədəd TM-in mühafizə zonası ot və kollardan azad edilib.
İstehlakçıların elektrik enerjisindən dəqiq və təhlükəsiz istifadəsini təmin etmək məqsədilə abonentlərə 14 ədəd birfazlı və 1 ədəd üçfazlı yeni sayğac quraşdırılıb, müvafiq SİP kabelləri, avtomatlar və sayğac qutuları istifadəyə verilib.
Qax Elektrik Şəbəkəsinin əməkdaşları rayon sakinlərinə daha keyfiyyətli xidmət göstərilməsi istiqamətində tədbirlərini ardıcıl olaraq davam etdirir.
Müxbir - Rasim İslamoğlu