Bakıda beynəlxalq tanqo marafonu davam edir
Bakı, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da “Baku Tango Marathon 2026” beynəlxalq Argentina tanqosu tədbiri çərçivəsində növbəti rəqs gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, marafonun əsas proqramının ikinci günündə müxtəlif ölkələrdən olan rəqqaslar və tanqo həvəskarları yenidən rəqs meydançasında bir araya gəliblər. İştirakçılar tanqo musiqisinin müşayiəti ilə rəqs edərək bu sənətin özünəməxsus hərəkət və ifadə tərzini nümayiş etdiriblər.
Günün proqramına gündüz və axşam milonqaları - tanqo rəqs gecələri daxil edilib. Axşamkı proqramda türkiyəli tanqo təlimatçısı Utku Küleyin musiqi seçimlərinə yer ayrılıb.
Argentinanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunan marafon müxtəlif ölkələrin tanqo həvəskarları arasında mədəni ünsiyyətə və yeni əlaqələrin qurulmasına imkan yaradıb.
Tanqo marafonu oktyabrın 12-dək davam edəcək.