Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib
Gəncə, 10 oktyabr, AZƏRTAC
Gəncə Dövlət Milli Dram Teatrında türk dramaturqu T.Orbayın “İnsanlıq şərəfinə” adlı birhissəli dram əsərinin premyerası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, səhnə tərtibatı və geyim üzrə rəssamı Mirzə Mehdi, musiqi tərtibatçısı Svetlana Zelmixanqızı, işıq tərtibatçısı Samir Həsənov, rejissor assistenti Dursun Cəlilovdur.
Səhnə əsərində Əməkdar artistlər Salam İsmayıl və Sevda Orucova, aktyorlar Fərid Vəliyev, Şəlalə Rüstəmova, Murad Ruzigar, Elmir Məmmədov, Ramal Mansırlı və Ceyhun Qurbanov çıxış ediblər.
Müharibənin insan həyatında yaratdığı mənəvi sarsıntıları, itki və ayrılıqları, insanın seçim qarşısında qalmasını və ən ağır şəraitdə belə öz mənəvi dəyərlərini qorumaq mübarizəsini əks etdirən psixoloji dramda müharibənin yalnız cəbhədə deyil, insanın daxilində də davam edən faciəsi təsvir olunur.
Tamaşada həyat və ölüm, insan və zorakılıq, yaddaş və unutmaq, ümid və ümidsizlik kimi qarşıdurmalar personajların taleyi və daxili dünyası vasitəsilə təqdim edilir. Əsər müharibəni qəhrəmanlıq romantikası kimi deyil, insan taleyinin faciəli sınağı kimi göstərir.
“İnsanlıq şərəfinə” tamaşası insanın ən ağır məqamda belə öz mənəvi dəyərlərini və insanlığını qoruması ideyasını önə çəkir.
Müxbir - Elcan Məmmədov