Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir
Xocavənd, 10 oktyabr, AZƏRTAC
Artıq 6-cı ildir ki, Qarabağ, Şərqi Zəngəzur regionlarını ziyarət edirik və bu müddət ərzində bu ərazilərin bərpasının şahidləri olmuşuq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Qarabağ və Şərqi Zəngəzura səfər edən “Most Traveled People” (MTP) klubunun təsisçisi Çarlz Veley bildirib.
"Adım Çarlz Veleydir, ABŞ-nin San-Kaliforniya ştatından gəlmişəm. “Most Traveled People” (MTP) klubunun təsisçisiyəm. Hal-hazırda burada tikilən yeni tunel ilə gəlmişik və yola cəmi 10 dəqiqə sərf etmişik, əvvəlki illərlə müqayisədə yolumuz 2 saat çəkərdi. Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir. Bu ərazilərin tam bərpasını səbirsizliklə gözləyirəm”, - deyə Çarlz Veley vurğulayıb.
Qeyd edək ki, dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Çarlz Veleyin başçılığı ilə bu gündən beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri baş tutub. Budəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Britaniya və s.) təxminən 40 nəfər daxildir, səfər proqramında Azərbaycanın qədim tarixini, böyük keçmişini özündə əks etdirən alban məbədlərinin ziyarəti də var. Bu, dünyanın əsas səyyah klublarının 2021-2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində 17-ci səfəridir. Bu səfərlər işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə yerində tanış olmağa imkan yaradır.
Müxbir - Aydın Yavərzadə