Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
Bakı, 9 oktyabr, AZƏRTAC
Hazırda paytaxtda nəqliyyat sıxlığının əsas səbəblərindən biri şəhərdaxili yollarda aparılan tikinti işləri və metro infrastrukturunda həyata keçirilən yenidənqurma tədbirləridir.
Bu barədə AZƏRTAC-a nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
Ekspert bildirib ki, bu işlər müəyyən müddət ərzində nəqliyyatın hərəkətinə təsir göstərsə də, layihələrin başa çatması ilə vəziyyətin yaxşılaşacağı gözlənilir.
“Bakı şəhərində nəqliyyat probleminin həlli üçün əsas diqqət ictimai nəqliyyatın şaxələndirilməsinə, yeni avtomobil yollarının və tunellərin tikintisinə, eləcə də müasir nəqliyyat infrastrukturunun yaradılmasına yönəldilməlidir. İctimai nəqliyyatın alternativi yoxdur. Metro, avtobus, marşrut xətləri, tramvay, trolleybus və dəmir yolu nəqliyyatı vahid sistem çərçivəsində inkişaf etdirilməli, hər bir nəqliyyat növünün imkanlarından səmərəli istifadə olunmalıdır. Bu sahələrin əlaqələndirilmiş şəkildə fəaliyyəti sərnişindaşımada mövcud problemlərin həllinə və nəqliyyat sıxlığının azaldılmasına kömək edə bilər”, - deyə ekspert vurğulayıb.
Aslan Əsədov qeyd edib ki, nəqliyyat infrastrukturunun inkişafı üçün yeni layihələrin həyata keçirilməsi sürətləndirilməli, əlavə maliyyə resursları cəlb olunmalı və investisiya qoyuluşları artırılmalıdır: “Bu istiqamətdə atılacaq addımlar paytaxtın nəqliyyat sisteminin təkmilləşdirilməsinə və sərnişinlərin rahat hərəkətinin təmin edilməsinə şərait yaradacaq”.