® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Sədi Allahverdiyev Polşanın Krakov şəhərində keçirilən Avropa Endoskopik Ginekoloqlar Cəmiyyətinin 35-ci İllik Konfransında iki elmi təqdimatla çıxış edərək, klinik təcrübəsini beynəlxalq mütəxəssislərlə bölüşüb.
Neyropelvologiyaya həsr olunmuş sərbəst elmi təqdimatlar sessiyasında Sədi həkim 7 dəqiqəlik “Sol obturator çuxurda yerləşən böyük ölçülü retroperitoneal yetkin teratomanın laparoskopik yolla xaric edilməsi” adlı klinik hal təqdimatı ilə və “Sərhədsiz ginekologiya” sessiyasında isə 15 dəqiqəlik “Nadir lokalizasiyalı tip 8 miomalar” mövzusunda təqdimatı ilə çıxış edib.
Hər iki elmi təqdimat konfrans iştirakçılarının böyük marağına səbəb olub. Təqdimatlardan sonra mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb, klinik hallar və onların müalicə yanaşmaları ətrafında fikir mübadiləsi aparılıb.
Konfransın üçgünlük əsas elmi proqramı çərçivəsində 40 elmi sessiya təşkil edilib, 400-dən çox məruzə dinlənilib və 500-ə yaxın poster təqdimatı nümayiş olunub. Proqram çərçivəsində, həmçinin iki canlı cərrahiyyə sessiyası keçirilib.
Qeyd edək ki, dünyanın 85 ölkəsindən 2400-dən çox mütəxəssisin qatıldığı beynəlxalq konfrans endoskopik ginekologiya sahəsində ən aktual elmi yeniliklərin, müasir cərrahi yanaşmaların və klinik təcrübələrin müzakirəsi baxımından mühüm platforma olub.