Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda
Bakı, 9 oktyabr, AZƏRTAC
Oktyabrın 8-9-da Azərbaycan Turizm Bürosu yerli turizm sənayesi nümayəndələri üçün Lənkəran və Astara rayonlarına tanışlıq səfəri təşkil edib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, iki gün davam edən proqramda sahə üzrə 50 mütəxəssis yer alıb.
Səfər çərçivəsində iştirakçılara bölgənin fərqli turizm imkanları yerində nümayiş etdirilib, həmçinin yeni səyahət marşrutları və turizm məhsullarının inkişaf perspektivləri müzakirə edilib.
Proqram boyunca mütəxəssislər yerli turizm obyektlərinə baş çəkərək regionun qonaqpərvərlik ənənələri, turizm məhsulları və təklif edilən xidmətlərlə yaxından tanış olublar.
Təşkil olunan səfər hər iki rayonun turizm potensialının dəyərləndirilməsi və sənaye təmsilçiləri arasında gələcək əməkdaşlıq əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Qarşıdakı dövrdə turizm sənayesi nümayəndələri üçün Azərbaycanın digər regionlarına da analoji səfərlərin keçirilməsi planlaşdırılır.