Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq
Bakı, 9 oktyabr, AZƏRTAC
Bakı şəhərinin Nizami rayonunda, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsində yerləşən yol qovşağının bir hissəsində təmir işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, nəqliyyatın hərəkətinə təsirin minimuma endirilməsi məqsədilə təmir işləri gecə saatlarında həyata keçiriləcək.
Təmir işləri aşağıdakı tarixlərdə aparılacaq:
Oktyabrın 9-u saat 23:00-dan oktyabrın 10-u saat 07:00-dək;
Oktyabrın 10-u saat 23:00-dan oktyabrın 11-i saat 07:00-dək;
Oktyabrın 11-i saat 23:00-dan oktyabrın 12-si saat 07:00-dək.
Təmir işləri müddətində qeyd olunan yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən mümkün nəqliyyat sıxlığının qarşısını almaq üçün hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.