BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi
Bakı, 9 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzində “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, təlimdə BDU-nun professor-müəllim heyəti ilə yanaşı, universitetin nəzdində İqtisadiyyat və Humanitar Kollecin müəllimləri də iştirak ediblər. BDU-nun Qazax filialının müəllimləri isə təlimə onlayn qoşulublar.
Mərkəzin direktoru İsmayıl Zeynalov süni intellektin tədrisdə imkanları və məhdudiyyətləri barədə məlumat verib. Süni intellektə düzgün sorğu verməyin “rol + tapşırıq + kontekst + format” formulu zəif və güclü sorğu nümunələri əsasında izah olunub.
Təlimdə dərs planlarının və mühazirə xülasələrinin hazırlanması, mövzuların həyati nümunələrlə izahı və tələbələrin səviyyəsinə uyğun sadələşdirilməsi, həmçinin çoxseçimli testlərin, situasiya tapşırıqlarının və qiymətləndirmə meyarlarının tərtibi məsələləri nəzərdən keçirilib.
Tələbələrin süni intellektdən istifadəsi, bu vasitə ilə hazırlanmış işlərin müəyyənləşdirilməsi, detektorların etibarlılığı və hazır cavablar və digər məsələlər müzakirə edilib. Bununla yanaşı, süni intellektin yanlış məlumatlar və uydurma mənbələr təqdim etməsi riski, faktların yoxlanılması və tələbə məlumatlarının qorunması kimi məsuliyyətli istifadə məsələlərinə də diqqət yetirilib.
Sonda iştirakçılara universitet əməkdaşlarının ödənişsiz keçə biləcəkləri onlayn kurslar haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.