İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb
Bakı, 9 oktyabr, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dövlətləri Təşkilatının Katibliyi ilə birgə 8 dildə təqdim etdiyi “Türk iqtisadi icmalı”nın 2026-cı ilin birinci yarısına (Yanvar-İyun №2) dair buraxılışı nəşr edilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, İİTKM-nin Türk Dünyası Araşdırmalar Mərkəzinin hazırladığı icmalda 2026-cı ilin birinci yarısı üzrə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın, həmçinin müşahidəçi üzvlər olan Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının (ŞKTR) iqtisadi göstəricilərinin təhlili təqdim edilir. İcmal son iqtisadi inkişaf göstəricilərinə əsaslanaraq TDT üzvlərinin potensialı və qlobal iqtisadiyyata təsirini qiymətləndirir.
2026-ci ilin birinci yarısında türk dövlətləri 1,33 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 2,11 faizlik paya sahib olub, əhalisi isə 178,8 milyon nəfər ilə qlobal əhalinin 2,8 faizini təşkil edib. Bu göstəricilər Türk dövlətlərinin həm iqtisadi, həm də demoqrafik baxımdan mühüm yer tutduğuna dəlalət edir.
Hesabat dövründə türk dövlətləri 1,51 faizlik qlobal artım tempi (rüblük məcmu) ilə müqayisədə 5,86 faiz ÜDM artımı ilə daha sürətli inkişaf nümayiş etdirib. Qırğızıstan, Özbəkistan və Türkmənistan müvafiq olaraq 11,9 faiz, 8,5 faiz və 6,3 faiz artım tempini nümayiş etdirərək sənaye və kənd təsərrüfatı sektorunda davamlı inkişafı təmin edib. ŞKTR-da iqtisadi artım 6 faiz, Qazaxıstanda 4,1 faiz təşkil edib. Türkiyə isə təşkilatın ən böyük iqtisadiyyatına sahib olmaqla 2,5 faiz iqtisadi böyüməyə nail olub. Azərbaycanda ÜDM-in artım tempi 0,8 faiz təşkil edib.
Ticarət dövriyyəsi həm qlobal inteqrasiya, həm də TDT ölkələri arasında iqtisadi inteqrasiya üçün əhəmiyyət daşıyır. 2026-cı ilin birinci yarısında TDT-yə üzv dövlətlərin ümumi ticarət dövriyyəsi təxminən 679,7 milyard dollar təşkil edib ki, bu da 18,96 trilyon dollar həcmində qiymətləndirilən qlobal ticarət dövriyyəsinin təxminən 3,58 faizinə bərabərdir.
Türkiyə ən yüksək ticarət dövriyyəsinə malik olmaqla, 325,036 milyon dollar ilə liderlik edir. Macarıstan, Qazaxıstan, Özbəkistan və Azərbaycan isə müvafiq olaraq 187,905 milyon dollar, 71,791,8 milyon dollar, 41,011,2 milyon dollar və 26,054,2 milyon dollar ilə ticarət həyata keçirib.
Qırğızıstan, ŞKTR, Özbəkistan, Qazaxıstan, Türkiyə, Türkmənistan və Azərbaycanda kənd təsərrüfatı və sənaye sektorlarında davamlı ixrac artımı müşahidə edilib. Bu göstəricilər bölgədəki ticarət dinamikalarının fərqliliyini və Türk dövlətlərinin güclü ixrac performansından faydalandığını göstərir.
Sənaye sektorunda Qırğızıstan və Özbəkistan müvafiq olaraq 12,7 faiz və 8 faiz artımla liderlik edib. Bununla yanaşı, ŞKTR və Qazaxıstan sənaye sektoru 6,7 faiz və 3,3 faiz inkişaf edib. Bu artıma genişmiqyaslı istehsal və infrastruktur layihələri təsir göstərib. Türkmənistanda və Macarıstanda sənaye sektoru 2,7 faiz və 2,1 faiz artıb.
Digər tərəfdən, kənd təsərrüfatı sektorunda Türkiyə 10 faiz ilə ən güclü artım nümayiş etdirib. Kənd təsərrüfatı ŞKTR-da 6,2 faiz, Özbəkistanda 4,7 faiz, Qazaxıstanda 4,4 faiz, Qırğızıstanda 4,3 faiz, Azərbaycanda 2,2 faiz, Türkmənistanda 2 faiz artım əldə edib.
Sabit kapital sahəsindəki investisiyalar uzunmüddətli artım üçün çox vacibdir. 2026-cı ilin birinci yarısında Qırğızıstan və ŞKTR sabit kapital investisiyalarında müvafiq olaraq 64,3 faiz və 43,77 faiz artım nümayiş etdiriblər, bu da infrastruktur, enerji və istehsal sahələrinə edilən böyük investisiyalarla dəstəklənib. Özbəkistan, Azərbaycan, Qazaxıstan və Macarıstan müvafiq olaraq 17,5 faiz, 13,8 faiz, 9,6 faiz və 7,4 faiz sabit kapital investisiyalarında sağlam artım göstərərək xarici birbaşa investisiyalarını artırıb və işgüzar mühitlərində müsbət inkişaf əldə ediblər.
Türk dövlətlərində bank sektoru da əhəmiyyətli artım nümayiş etdirib. Hesabat dövründə Qırğızıstanın bank sektorunun cəmi aktivlərində 55,9 faiz, ŞKTR-da 38,81 faiz, Türkiyədə 32,9 faiz, Özbəkistanda 25,7 faiz, Qazaxıstanda 14,4 faiz və Macarıstanda 10,2 faiz artım olub. Bu göstəricilər iqtisadi inkişafı və investisiyaları dəstəkləyən maliyyə xidmətlərinin güclənməsinə əsaslanır. Azərbaycanın bank sektoru isə daha mülayim (7,4 faiz) artım göstərib.
Dövlət büdcəsinin performansı iqtisadi sağlamlığın digər vacib göstəricisidir. Özbəkistanda dövlət büdcəsi gəlirlərində 43,7 faiz, dövlət büdcəsi xərclərində 51,5 faiz, Qırğızıstanda dövlət büdcəsi gəlirlərində 48,8 faiz, dövlət büdcəsi xərclərində 41,3 faiz olmaqla ən yüksək artım qeydə alınıb. ŞKTR-da dövlət büdcəsi gəlirlərində 40,75 faiz, dövlət büdcəsi xərclərində 34,66 faiz olmaqla yüksək artım qeydə alınıb. Türkiyədə dövlət büdcəsi gəlirlərində 39,4 faiz, dövlət büdcəsi xərclərində 31,8 faiz olmaqla yüksək artım qeydə alınıb. Qazaxıstan və Macarıstan həm gəlirlər, həm də xərclər sahəsində sabit artım göstərərək effektiv maliyyə idarəetməsi nümayiş etdirib.
Türk dövlətləri ÜDM artımı və ticarət dövriyyəsi baxımından qlobal artımı üstələyib və əhəmiyyətli investisiyalara nail olub.